Ali Attestasiya Komissiyasına son zamanlar hücumlar var. Əslində, Ali Attestasiya Komissiyasına hücumun məhz indiki məqamda edilməsi heç də təsadüfi deyil. Proses Komissiyanın Ekspert şurasının üzvü olan bir şəxsin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından sonra başladı. Amma burada bir şeyi dərk etmək lazımdır ki, Ali Attestasiya Komissiyası Prezidentin yanında fəaliyyət göstərən yüksək ali qurumdur. Ona görə də, bu qurum Prezident tərəfindən təsdiq olunmuş əsasnamə və nizamnamə əsasında fəaliyyət göstərir.
Bunu Teleqraf.com-a hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.
O bildirib ki, Ekspert şurasında çalışan hər hansı bir şəxsin (alim, sadə işçi) qanunazidd hərəkətləri ilə bağlı Ali Attestasiya Komissiyasını hədəf seçənləri iki qrupa bölmək olar:
“Birinci qrup - elmi işləri Ali Attestasiya Komissiyasının tələblərinə cavab vermədiyindən geri qaytarılan şəxslərdir. Onlar özlərinə qarşı, o təsdiqi ala bilmədiyindən daxili narazılıqlarını ifadə edirlər. Məhz bu məqamdan istifadə edib Ali Attestasiya Komissiyası rəhbərinə hücumlar təşkil edirlər. Onlar dərk etmirlər ki, Ali Attestasiya Komissiyasının sədri Prezident tərəfindən təyin olunur və onun iradəsini ifadə edir. Bu, artıq onlar tərəfindən qəbul olunmalıdır. Sadəcə olaraq onlar bunu qəbul edə bilmədiklərindən belə hücumlar təşkil edirlər. Faktiki olaraq, ali təhsil ocaqlarında çalışan və ya çalışmayan həmin qruplar öz adamlarını bu quruma salmaq və buranı özlərinin monopoliyasında saxlamağa çalışırlar.
Bu alınmadığı təqdirdə isə Ali Attestasiya Komissiyasına hücumlar təşkil edirlər. Burada ikinci qrup isə, oğlunu, qızını, qardaşını, nəvəsini, gəlinini Ali Attestasiya Komissiyasında bir zənglə elmlər üzrə fəlsəfə doktoru və yaxud da hansısa bir elmi dərəcə aldırmaq istəyənlərdir. Onların da planları baş tutmayanda bu cür yollara əl atırlar".
Hüquqşunas hesab edir ki, Ali Attestasiya Komissiyasına olan indiki hücum, əslində, inkvizisiya dövrünü xatırladır:
“Kiminsə hüquq mühafizə orqanlarına cəlb olunması ilə ali qurumun fəaliyyətini təftiş etmək düzgün yanaşma deyil. Əgər dissertasiyası düzgün yazılıbsa, elmi tələblərə cavab verirsə, qaydalara uyğundursa, niyə ona hücum edilməlidir və bu elmi iş niyə təsdiq olunmamalıdır?.. Faktiki olaraq Ali Attestasiya Komissiyasının indiki fəaliyyəti, apardığı islahatlar göz qabağındadır. Bu qurumda son dövrlər minlərlə müraciətlərə və elmi dərəcə alanların sayına baxsaq, görərik ki, Ali Attestasiya Komissiyasında elmi əsasnamələr dürüst, ciddi, tələblərə riayət olunmaqla həyata keçirilir. Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevdən əvvəlki dövr və ümumiyyətlə qurumun 20 illik fəaliyyəti qanunun tələblərinə uyğun həyata keçirilib. Çünki Ali Attestasiya Komissiyası fəaliyyət istiqamətləri əsasnamə ilə tənzimlənir”.
Məhəmməd İmanlıya görə, Ali Attestasiya Komissiyasının ləğv olunması əslində indiki dövrdə xaos yarada bilər:
“Elmi adların verilməsində, Azərbaycan kimi bir ölkədə, faktiki olaraq həqiqi alimlərin sayı kəskin azalar. Bu da öz növbəsində deqradasiya yarada bilər. Ona görə də, bu gün AAK-ə hücum edən qüvvələr, faktiki olaraq, özlərinin narazı hislərini həyata keçirənlərdir. Bunlar özlərinə və yaxınlarına hansısa formada sənəd, elmi ad almaq istəyənlərdir".