30 İyul 2023 21:15
293
12 Punto 14 Punto 16 Punto 18 Punto

90-cı illərin əvvəllərində Azərbaycanda hökm sürən hərcimərclikdən, xaosdan, hakimiyyətsizlikdən istifadə edən təcavüzkar Ermənistan ərazilərimizi işğal etməklə yanaşı, dinc azərbaycanlılara qarşı amansız divan tutmuş, soyqırım və insanlıq əleyhinə cinayətlər törətmişdir. Nəhayət, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu döyüş meydanında şəhidlərimizin, günahsız qurbanların qisasını alıb. Tarixi ədaləti bərpa edib. Müzəffər Ordumuz tərəfindən azərbaycanlılara qarşı amansız divan tutan erməni hərbi canilərinin bir qismi döyüş meydanında məhv edilib. Amma onların müəyyən bir qismi müxtəlif ünvanlarda gizlənərək tarixi mühakimədən qaçmağa çalışıb.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır edib: “Həmçinin Ermənistan tərəfi Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi işlərə maneə olmaqla, kölgə salmaqla, hərbi canıləri müdafiə etməklə özünün mahiyyətini nümayiş etdirib. Sözsüz ki, Ermənistanın bu davranışları onun müharibə cinayətlərini dəstəkləməsindən və bəraət qazandırmasından başqa bir anlam kəsb etməyib”.

Deputat bildirib ki, 29 iyul tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən terrorçu Vaqif Xaçatryanın Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılması qanuni əsaslara söykənir:

“Burada Azərbaycan tərəfindən atılan bütün bu addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib. Çünki BQXK tərəfindən də təsdiq edildiyi kimi, ötən ilin dekabr ayından etibarən BQXK vasitəçiliyi ilə 700-ə yaxın erməni əsilli şəxsin tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılmasına və geri gətirilməsinə şərait yaradılıb. Eyni zamanda onlara qarşı heç bir qanunsuz hərəkət edilməyib”.

Millət vəkili hesab edir ki, Ermənistan tərəfinin terrorçunu açıq şəkildə müdafiə etməsi beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olmaqdan başqa bir anlam daşımır: “Məhz bu kontekstdə 30 ildə Xocalıda, Malıbəylidə, Quşçularda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər şəhər və yaşayış məntəqələrində mülki əhaliyə qarşı soyrıqımı və kütləvi qırğınlar törədən Ermənistanın beynəlxalq humanitar hüquqdan danışması mənasızdır. Çünki Azərbaycan tərəfi ölkəmizin ərazisində müharibə və hərbi cinayətlər törətmiş şəxslərə qarşı müvafiq cinayət işinin başladığını son 30 ildə dəfələrlə açıq şəkildə bəyan edib. Bu şəxslər barəsində beynəlxalq axtarışlar elan edilib. Ona görə də istintaq tədbirləri çərçivəsində, ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun olaraq insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək. Vaxtilə Azərbaycan xalqına qarşı divan tutmuş şəxslər Azərbaycan qanunları qarşısında etdikləri əməllərə görə cavab verəcəklər”.

Qeyd edək ki, Vaqif Xaçatryan 29 iyul tarixində Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Xaçatryan 1991-ci ildə Meşəli kəndinə basqın edərək 25 azərbaycanlını qətlə yetirmiş, 14 nəfəri yaralamış, 358 azərbaycanlını öz yurd-yuvasından didərgin salmış erməni silahlı cinayətkarları sırasında yer alır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər