28 avqust tarixində Fransa Prezidenti Emanuel Makronun səfirlər konfransı zamanı səsləndirdiyi bölgə üzrə mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl gətirir.
Teleqraf.com xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidenti E.Makronun səfirlər konfransında səsləndirdiyi fikirlərə dair şərhində əksini tapıb.
Fransa Prezidentinin növbəti dəfə bölgədə humanitar vəziyyət barədə iddiaları əsas götürərək fikirlər səsləndirməsi bu ölkənin siyasətinin yanlış olduğunu bir daha sübut edir.
Azərbaycana qarşı 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq və təcavüz əməllərini qınamayan, işğal nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün humanitar vəziyyətinə dair heç bir şərh verməyən Fransa tərəfinin indi Azərbaycanın BMT nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz torpaqlarının azad edilməsi ilə nəticələnən 2020-ci il 44 günlük Vətən müharibəsini qınaması, eləcə də bölgədə humanitar vəziyyət ilə bağlı iddialara çıxışında xüsusi vurğu etməsi anlaşılan deyil.
Fransa Prezidentinin leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir.
Laçın yolundan və sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinin keçdiyi, Azərbaycan tərəfindən erməni sakinlərə yüklərin daşınması üçün “Ağdam-Xankəndi” və digər alternativ yolların ayrıldığı, bütün bu səylərə baxmayaraq, bu yollardan istifadənin Ermənistan və özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən siyasiləşdirilməsi Fransa tərəfinə yaxşı məlumdur. Bu istiqamətdə cari ilin avqust ayının əvvəlində əldə olunmuş razılıqların icrasını təşviq etmək əvəzinə erməni tərəfinin təhrikçi addımlarına dəstək verən fikirlərə çıxış zamanı yer verilməsi prosesə birbaşa maneçilik törədən amillərdəndir.
Praqada Avropa İttifaqı missiyasının və 1991-ci il Alma-Ata bəyannaməsi çərçivəsində sərhədlərin tanınması təşəbbüsünün müəllifliyinin Fransa tərəfinin olduğunu bildirən Fransa tərəfinin, nəyə görə Azərbaycan əraziləri işğal altında olan 30 ilə yaxın bir dövrdə bu kimi təşəbbüslərlə çıxış etmədiyi sualına da cavab verməsi daha faydalı olardı.
Azərbaycan tərəfi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında qərarlıdır və bu prosesə maneçilik törədən bütün kənar müdaxilələrin qarşısı qətiyyətlə alınacaq.