31 Avqust 2023 12:03
2 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xankəndi və digər ərazilərdə suverenliyinin təmin olunması üçün atdığı addımlar diqqətlə izlənilir. Ona görə də, bu məsələdə zərrə qədər də geri çəkilmək olmaz. Çünki burada söhbət Azərbaycanın suveren hüquqlarından gedir. Əslində Azərbaycanın Qarabağda yaşayan erməni əsilli sakinlər üçün yardımı inteqrasiyadan keçir.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun fikrincə, Qarabağda olan separatçı rejimin təhriki ilə Azərbaycandan deyil, kənardan hansısa bir yardımın gəlməsini istəmək məntiqsizdir:

“Buna yol vermək olmaz. Azərbaycan bu məsələdə güzəştə gedə bilməz. Ölkəmizin göndərdiyi yardımlar rus sülhməramlıların iştirakı ilə onlara çatdırıla bilər. Burada onlar üçün heç bir təhlükəli amil yoxdur. Amma bu yüklər heç bir yoxlanışdan keçmədən, kənardan gəlmiş olsa, risk yüksək olur”.

Deputat hesab edir ki, Fransa Azərbaycanla razılaşdırmadan, icazə almadan onun ərazisinə heç bir yardım keçirə bilməz:

“Bu yüklərin zəhərli olmaması ilə bağlı konret rəy yoxdur. Ehtimal var ki, Fransa Afrika ölkələrində Nigerdə, Qabonda olduğu kimi Qarabağda da ermənilərə qarşı cinayət törətmək istəyir. İddialar var ki, Fransa Qarabağ ermənilərini zəhərləmək niyyətindədir. Ona görə də, Fransa Qarabağ ermənilərinə kömək etmək istəyirsə bunu Azərbaycanın razılığı ilə edə bilər”.

Fazil Mustafaya görə, Azərbaycan Marselə, Fransanın hansısa bir şəhərinə bu ölkənin razılığı olmadan yardım göndərə bilmirsə, məsələyə qarşı tərəf də eyni müstəvidə yanaşmalıdır:

“Bizə necə iddia edə bilərik ki, Fransa hökumətini tanımırıq, amma sizə yardım gətirmişik? Hansı ölkənin bələdiyyə sədri və prezidenti özünü belə gülünc hala sala bilər? Görünən odur ki, Fransa hökuməti nə etdiyinin fərqində deyil. Sözsüz ki, Fransanın bu addımı beynəlxalq hüquqa ziddir. Ona görə də, Qarabağ erməniləri üçün Azərbaycanla razılaşmaq məsələsində ciddi vəziyyət yaradılmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər