Fransanın Azərbaycana qarşı davranışları, Paris meri Ann İdalqonun Azərbaycan-Ermənistan sərhədinə gəlişi növbəti şounun davamıdır. Ümumilikdə isə bu siyasətin heç bir perspektivi yoxdur. Fransanın bölgəyə olan yanaşmasında tarixi amillər mövcuddur. Çünki Fransa vaxtilə Osmanlı imperiyası ilə də düşmənçilik edirdi. Onların bölgə və ermənilərlə bağlı planları çox idi.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, Fransa vaxtilə Osmanlı imperiyası ilə mübarizə fonunda ermənilər üçün muxtariyyət, müstəqillik istəyirdi:
“Fransanın bölgə siyasətində bu əsas yer tutub. "Türkiyəfobiya" amili daha çox önə çıxarılıb. İndi isə Fransanın Akrikadakı uğursuzluğu bu regionda istinad axtarması ilə müşahidə olunur”.
Mərkəz sədrinə görə, Qərb düşərgəsində Fransa müxtəlif səpgili xarici siyasət aparır:
“Fransa strateji baxımdan eyni məqsədləri bəyan edir. Rusiya-Ukrayna müharibəsində bunu görmək olur. Amma buna baxmayaraq fərqli yanaşmalar var. Fransa Şarl de Qolun vaxtından, yəni 60-cı illərdən keçmiş sovet iffitaqı ilə yaxınlıq edib. Daha sonra bu tendensiya Rusiya ilə aparılıb. Vaxtaşırı bu istiqamətdə bəyanatlar verilib. Emmanuel Makronun “NATO-nun beyin ölümü keçirməsi” ilə bağlı açıqlamasını bu mənada qeyd etmək olar”.
Fərid Şəfiyev bildirib ki, Fransanın Ermənistan siyasətində erməni lobbisi radikal daşnakların rolu çox böyükdür:
“Bir neçə ay öncə daşnaklarla görüşən Makron Azərbaycana Paşinyandan daha çox təzyiq etdiyini açıqlamışdı. Həmin daşnakların nümayəndəsi daha sonra Ermənistana buraxılmadı. Bu əslində radikal daşnaklarla Fransanın münasibətini göstərir. Paris və Strasburq merinin bu məsələdə fəallığı isə seçkilərdə erməni lobbisindən alınan dəstəklə bağlıdır. Bu, Fransanın bölgə siyasətində 4-cü elementdir. Sözsüz ki, bu, bölgədə sülhə və danışıqlara zərbədir”.