Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Lakin Ermənistanın və onun havadarlarının davranışları dayanıqlı sülhün əldə olunmasına imkan vermir. Son zamanlar isə guya Laçın-Xankəndi yolunun bağlı olması və Qarabağ ermənilərinin “blokada şəraitində” qalması barədə iddialar səsləndirilir. ABŞ Dövlət katibi Antoni Blinkenin sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev telefon söhbəti zamanı prinsipial mövqeyini bir daha ABŞ rəsminin diqqətinə çatdırıb:
"Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Artıq hamıya məlumdur ki, ermənilərin davranışları siyasi manipulyasiyadan başqa bir şey deyil. Əgər həqiqətən “humanitar böhran” varsa, yardımların onlar üçün hansı yolla çatdırılmasının fərqi olmamalıdır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yükləri çatdırılsa da, 10 gündür ki, qanunsuz separatçı rejimin bundan imtina edir, humanitar yardımların dinc əhaliyə çatdırılmasına imkan vermir. Prezident İlham Əliyevin dediyi kimi, dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır. Digər tərəfdən, Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər.
Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfindən “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına Azərbaycanla razılaşdırmadan humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir:
"Cənab Prezident bu məqamı da Antoni Blinkenin diqqətinə çatdırıb. Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onların bundan imtina etdiklərini xatırladıb.
“Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. ABŞ da bölgədə sülhün təmin olunması üçün maraqlı görünür. Bu dövlətin Azərbaycanla Ermənistan arasında münasibətin normallaşdırılması prosesində fəal vasitəçiliyi də bunu təsdiqləyir. Təsadüfi deyil ki, sülh sazişi üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin indiyədək keçirdiyi altı görüşdən üçü məhz ABŞ-da baş tutub. Telefon söhbəti zamanı Antoni Blinken sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib, Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulayıb. ABŞ-ın bu mövqeyi təqdirəlayiqdir. Lakin ABŞ Ermənistana qeyri-konstruktiv mövqeyindən əl çəkməsi üçün təzyiq göstərməlidir. Vaşinqtonun bunun üçün kifayət qədər imkanları var”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.