Video əlavə olunub:
Hazırda bölgədə çox ciddi proseslər gedir. Ermənistan Azərbaycanla şərti sərhəddə hərbi birləşmələrini cəmləşdirir. Ötən gün bununla bağlı görüntülər yayılıb. Bunu psixoloji təsir kimi də dəyərləndirirlər. Görünən odur ki, erməni tərəfi genişmiqyaslı təxribatlara hazırlaşır.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
Onun fikrincə, sözsüz ki, erməni tərəfinin təxribatlarına Azərbaycanın cavabı olduqca sarsıdıcı olacaq:
“Hazırda Ermənistan daxilində gərginlik var. Separatçıların mövcud olduğu ərazilərdə də aktivliyi müşahidə edilir. Nikol Paşinyanın separatçılarla bağlı bəyanatı onları ümidləndirib. Erməni mediasında da İrəvanın genişmiqyaslı toqquşmaya hazırlaşması ilə məlumatlar tirajlanır”.
Hərbi ekspert hesab edir ki, sentyabr müharibə və məğlubiyyətlər fonunda ermənilər üçün təhlükəli ay kimi yadda qalıb:
“Burada kənar qüvvələrin davranışları da diqqətdən yayınmamalıdır. Rusiya, Fransa və digər dövlətlərin bu proseslə bağlı reaksiyası birmənalıdır. Bütün bunlar isə vəziyyəti getdikcə gərginləşdirir”.
Polkovnik sentyabrın 11-də İrəvanda ABŞ-ın hərbi təlimləri fonunda yaranmış vəziyyətin də prosesə təsirinin olacağını söyləyib:
“Əslində burada ABŞ-ın keçirdiyi hərbi təlimlər Rusiya və İran üçün də açıq mesajdır. Ona görə də, bu təlimlərin Azərbaycanla cüzi bir bağlılığı ola bilər. Burada ABŞ, İran və Rusiyaya əsgərlərinin onların iki addımlığında hərbi təlim keçirdiyi göstərir. Amma bundan ümidlənən ermənilərin Azərbaycana qarşı geniş miqyaslı təxribatlara başlaması ehtimalı çox zəifdir”.
Üzeyir Cəfərov Ordumuza məxsus hərbi texnikaların üzərinə yazılmış simvolik işarənin də nə mənanı ifadə etdiyini izah edib:
“Bu hərflərin xüsusi məna daşıması ilə bağlı müxtəlif fikirlər səslənir. Əvvələr də Silahlı Qüvvələrimizə məxsus hərbi texnikaların üzərinə bu cür simvolik işarələrin həkk edilməsi müşahidə olunub. Çox vaxt bu işarələr hərbi birləşmələr, qruplar, bölmələr arasındakı fərqlənmə üçün edilir. Bunu daha çox birləşmələrin və şəxsi heyətin təhlükəsizliyi üçün fərqləndirici nişan da hesab etmək olar”.
Qeyd edək ki, sosial şəbəklərin erməni seqmentində sözügedən simvol V (Viktoriya)-qələbə, A-Azərbaycan, V-nin ortasındakı xəttin (-) isə Zəngəzur dəhlizinin açılmasına işarə olduğunu iddia edirlər.