ABŞ-ın hazırkı yanaşması ikiüzlülükdən qaynaqlanır. Bir neçə müddətdən sonra ABŞ-da seçkilər keçiriləcək. Amerika senatında erməni lobbisindən başqa, erməni komitə sədri və digər postlara yerləşmiş adamlar təlaşdadır. Senatda mühüm bir komitəyə rəhbərlik edən erməni məhz bu kimi proseslərin baş verməsinə səbəbkardır. Beynəlxalq Münasibətlər Komitəsinin sədri Bob Menendez ABŞ-ın Azərbaycana səfir təyinatına bu kontekstdə əngəllər törədib. O hətta ölkəmizə qarşı birbaşa sanksiyaların tətbiq edilməsinə çağırışlar edib.
Bu sözləri Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
O qeyd edib ki, Menendez Amerikanın maraqlarına zidd olsa da Azərbaycanla münasibətlərin başqa müstəvidə təhlil edilməsini təqdim edib:
“Bütün bunların isə hamısı bu gün səhər saat 7:00-da puç oldu. Çünki ABŞ-da olan bu adamların və onların ətrafındakı ermənilərin qarayaxma kampaniyası suya düşdü. Azərbaycana qarşı təzyiqlər, humanitar məsələlərdən istifadə edib, ölkəmizin ərazisinə müdaxilə, onun suverenliyinin şübhə altına alınması kimi absurd yanaşmalar alt-üst oldu. Eyni zamanda həmin qüvvələrin öz müqəddəratını hansısa formada gündəmə gətirib buna başqa gözlə baxması da bu gün səhər saatlarında iflasa uğradı”.
Heyət rəhbəri bildirib ki, bu gün səhər saatlarında Azərbaycanın istədiyi təklif etdiyi, gündəmə gətirdiyi məsələ öz həllini tapdı:
“Qarabağda sözsüz ki, heç bir hümanitar böhrandan söhbət gedə bilməz. Erməni əsilli sakinləri Qarabağda girov saxlamış separatçılar, xunta rejimi burada süni şəkildə ajiotaj yaratmaqla, təxribatlarla diqqəti cəlb etməyi hədəfləmişdi. Çünki Ağdam-Xakəndi yolunu bloklayan, hümanitar yardımın Xankəndiyə çatdırılmasına maneə olan qondarma rejim idi. Onlar sadəcə olaraq yalançı hümanitar böhran adı altında siyasi riyakarlıqla məşğul olurdular”.
Səməd Seyidova görə, separatçılar Azərbaycanın hələki Xankəndidə bayrağının dalğalanmamasından istifadə edərək özlərinin çirkin maraqlarını gündəmə gətirməklə dividentlər, “status” qazanmağı düşünürdülər:
“Sadəcə olaraq Amerika kimi bir dövlət də bu yalanlara alət olub. Fransanın timsalında bu kimi hallar yaşanırdı. Fakt odur ki, ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi şantaja dözmədi. Bu əslində erməni lobbisinin taktikası idi. Çünki onlar heç kimin maraqlarını nəzərə almır. Amerikada, Azərbaycanda, Ermənistanda yaşayan ermənilərin maraqları belə bu adamlar üçün heç nəyi ifadə etmir. Çünki onların məqsədi tamam başqadır. Onlar öz adamlarını ABŞ konqresinə, ölkənin ayrı-ayrı rəhbər strukturlarına təyin etdirməklə siyasi dividentlər fonunda böyük pullar əldə etməyi hədəfləyib. Amma indiki reallıqda onların bu planı da alınmadı. Qərbin dezinformasiyasının üstündən Azərbaycan tərəfindən xətt çəkildi”.