Vətən Müharibəsindən 3 il ötür və bu zaman ərzində Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətini davam edib. Üçtərəfli bəyanatın müddəaları təmin edilməyib, Ermənistan silahlı qüvvələrinin qalıqlarını Azərbaycan ərazilərindən çıxarmayıb. Eyni zamanda bu qanunsuz silahlılar Qarabağ iqtisadi rayonunda davamlı olaraq səngərlər qazır, silahlar daşıyır, fortifikasiya qurulur, istehsal ili yeni olan minalar basdırırdı. Qanunsuz Ermənistan silahli qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki silahlı birləşmələri, erməni diversiya qrupları tərəfində dinc əhaliyə və hərbiçilərimizə qarşı təxribat törədilirdi.
Bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
Millət vəkili məhz bu zərurərətdən işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə ehtiyac yarandığını söyləyib: “Lokal xarakterli antiterror tədbirləri çox uğurla yerinə yetirildi. Heç bir mülki və sosial infrastruktura zərər vurmadan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Ermənistan Silahlı Qüvvələrindən, xunta rejimindən, Qarabağda məskunlaşan separatçılardan fərqli olaraq Azərbaycan dövləti, Azərbaycan Silahlı Qüvvələri mülki şəxslərin təhlükəsizliyini təmin etdi. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırdı. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərildi. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanıldı”.
Deputat Azərbaycanın öz addımlarını beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq atdığını bildirib: “Faktiki olaraq Azərbaycan 10 Noyabr Bəyanatının 4-cü maddəsini özü icra etmək məcburiyyətində qaldı. Vaxtı ilə BMT-nin qəbul etdiyi 4 Qətnamə 28 il kağız üzərində qaldı və bu Qətnamələri də Azərbaycan beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Ümumiyyətlə, müstəqillik tariximizdə sentyabr ayının xüsusi yeri var. 29 il bundan əvvəl “Əsrin müqaviləsi” bağlandı. Bu ölkəmizin iqtisadi, siyasi tarixində mühüm hadisə idi. 3 il əvvəl Vətən Müharibəsi başladı və 44 gün ərzində Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Təxminən 1 gün ərzində ölkənin bütün ərazisində Konstitusiya qurluşunun bərpa edilməsi üçün lokal xarakterli antiterror tədbirlər apardı”.
Komitə sədri vurğulayıb ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin silahı yerə qoyub təslim olub: “Sentyabrın 19-u 13:00-da başlayan və sentyabrın 20-də eyni vaxtda bitən bu tədbirin nəticəsində Ermənistan ordusunun qalıqları ölkəmizdən çıxır, erməni terrorçular silahlarını təhvil verir, erməni icması reinteqrasiya məsələlərini müzakirə etmək üçün Yevlaxa danışıqlara gəlir. Bu Azərbaycanın növbəti hərbi-siyasi qələbəsidir. Azərbaycan Prezidentinin siyasi qətiyyəti, diplomatik bacarığı, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və peşəkarlığı sayəsində həllini gözləyən məsələlər nəzərdə tutulduğu kimi yerinə yetiriləcəkdir”.