Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycanın arqumenti kifayət qədər güclüdür. Əgər Qərb dəhlizin Ermənistan üzərindən açılmasında israrlıdırsa, bu ölkəyə təzyiqlərini artırmalıdır. İndiki şəraitdə Ermənistan bu addımı atmırsa, bu, Qərbin aktivliyinin olmamasını göstərir. Azərbaycan isə Naxçıvanla birbaşa yolun açılmasında israrlıdır. Bu baxımdan da Zəngəzur dəhlizi həyatı əhəmiyyət daşıyır. Əvvəl-axır bu dəhlizin açılması təmin ediləcək.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Onun fikrincə, indiki şərtlərdə bu müstəvidə alternativ yolları da diqqətdən qaçırmaq olmaz:
“İranla da bu məsələ ətrafında müzakirələr davam edir. Əslində dəhlizin İran ərazisindən açılması məsələni bir qədər mürəkkəbləşdirir. Çünki bir çox ölkələrin İranla düşmənçilik münasibətləri var. Bu yoldan xüsusən Qərb ölkələrinin istifadəsi mümkün olmayacaq”.
Millət vəkilinə görə, hazırkı mərhələdə Zəngəzur dəhlizi hamının marağına xidmət edən bir yoldur:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bu məsələdə israr etməsi məhz bu amillərlə bağlıdır. Bu yol hansı variantla olur-olsun gerçəkləşməlidir”.
Deputat AŞPA-nın sessiyasında iştirak etdiyini, orada Azərbaycanla bağlı hər hansı bir məsələnin müzakirə edilmədiyini də bildirib:
“Amma çıxışlarda Azərbaycana qarşı müəyyən fikirlər, çağırışlar var. Ola bilsin ki, bu çağırışlar hər hansı bir müzakirəni ehtiva edə bilər. Ermənistanın AŞPA-dakı nümayəndə heyəti “insan haqları”, "Qarabağda pozulmuş hüquqlardan” danışır”.
Fazil Mustafa ümumi əhval-ruhiyyənin Azərbaycan ərazi bütövlüyünü bərpa etməsi fonunda tamam başqa bir səviyyədə olduğunu söyləyib:
“Burada kimsə ermənilərə görə xüsusi fədakarlıq göstərmək niyyətində deyil. Təsəlli üçün müəyyən çıxışlar edilir. Amma burada qəti bir addımın atılmasının əlamətləri görünmür. Azərbaycan nümayəndə heyəti olaraq burada lazımi cavablar səslənir. Bu kimi çıxışların qarşısında Azərbaycanın haqlı mövqeyi dilə gətirilir. Ölkəmizin mövqeyi qələbədən sonra daha da möhkəmləndiyinə görə, burada hər hansı bir təzyiqin, beynəlxalq səviyyədə ədalətsiz, haqsız hücumların mənası qalmayıb”.