Moskva, Vaşinqton və Brüssel formatları arasında ziddiyyətlərin olduğu iddiası var. Tərəflər Cənubi Qafqazda kimin daha çox sülh prosesində maraqlı olması iddiasını ortaya qoyur. Belə olan halda Azərbaycan və Ermənistan üçün optimal formatın seçilməsi ilə bağlı məsələlər gündəmə gəlir.
Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.
Onun fikrincə, burada sülh formatının heç bir məcburiliyi yoxdur:
“Bu, Azərbaycan üçün də belədir. Öz milli maraqlarına uyğun münaqişəni həll edə biləcək, potensiala, imkanlara və fürsətlərə malik olan formatı seçmək Azərbaycanın öz ixtiyarındadır. Hətta Azərbaycan burada özü hər hansı bir format yarada bilər”.
Politoloq hesab edir ki, bu cür münaqişələr sonrası məsələlərin həlli üçün vasitəçiyə ehtiyac olur:
“Adətən bu kimi məsələlərdə iki tərəf baş-başa görüşə maraqlı olmur. Ona görə də, burada vasitəçi tərəf seçilir. Vasitəçi qismində isə beynəlxalq təşkilat və hansısa dövlət çıxış edir. Başqa cür vasitəçilik nümunəsi yoxdur”.
Fərhad Mehdiyev bildirib ki, proseslə bağlı hansısa vasitəçinin olması könüllü xarakter daşıyır:
“Tərəflərin istəyinə görə bu baş tutur. Tərəflər hansı vasitəçilik platformasını özlərini üçün müvafiq sayırlarsa, həmin müstəvidə də hərəkət edə bilər”.