27 Oktyabr 2023 13:36
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Pakistanın Azərbaycandakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Sara İcaz çıxış edib.

"Bu gün bizim və bütün dünyada azadlığa can atan insanlar üçün mühüm gündür. Hindistan işğalçı qüvvələri 1947-ci il oktyabrın 27-də Srinagar şəhərinə hücum etdilər və indi Hindistanın işğalı altında olan Cammu və Kəşmirdə soyqırıma çevrilən insan hüquqları pozuntularına başladılar", - o bildirib.

Sara İcaz Cammu və Kəşmirin öz müqəddəratını təyin etməsi ilə bağlı müddəanın BMT qətnamlərində də əks olunduğunu vurğulayıb: "Hindistan beynəlxalq hüququ, insan haqları ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsini pozmağa davam edir".

O, Cammu və Kəşmirdə məhkəmələrdən kənar həbslər baş verdiyini deyib.

Pakistanlı diplomat hazırda Cammu və Kəşmirdə 700 000 hind qüvvəsi olduğunu vurğulayıb: "Cammu və Kəşmir bölgəsində soyqırımı davam edir. Dünya ölkələri Cammu və Kəşmirdə baş verənlərlə bağlı reaksiya verməlidirlər. Hazırda orada 700.000 işğalçı qüvvə var. Yüzminlərə kəşmirli hind qüvvələri tərəfindən müxtəlif səbəblərdən qətlə yetirilib. Burada vəhşiliklər törədilir, insan haqlarının pozulması halları baş verir ki, bütün bunlar beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır".

Sara İcaz onu da vurğulayıb ki, Hindistanda ksenefobiya və islamafobiya geniş yayılıb:

"Hazırda Hindistanı bürüyən ksenofobiya və islamofobiya daha da mürəkkəbləşib".

Sara İcaz deyib ki, Pakistan və Hindistan arasında hər hansı münaqişə regional və qlobal səviyyədə ağır nəticələr verə bilər.

Pakistanlı diplomat dəstək üçün Azərbaycana təşəkkür edib: "Kəşmirlilər mübarizə hüquqlarından geri çəkilmirlər. Onlar canlarını verməyə davam edirlər. Bu gün burada olduğunuz üçün təşəkkür edirik. Kəşmirli qardaş və bacılarımız bu dəstəyi izləyir və bundan ruhlanırlar. Azərbaycan İƏT-in Kəşmirlə bağlı komitəsinin fəal üzvüdür və buna görə Azərbaycana təşəkkür edirik".

Sara İcaz Azərbaycan xalqını və hökumətini Qarabağın azad olunması münasibətilə təbrik edib.

Qeyd edək ki, tədbirdə Pakistan Prezidenti Arif Alvi və Baş nazir Anvaar-ul-Haq Kakarın "Kəşmirin Qara Günü" ilə bağlı müraciəti oxunub.



Müəllif: Rəqsanə Həsənova, Əsəd Məmmədəliyev

Oxşar xəbərlər