2020-ci ilin 10 noyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanata imza atmaq məcburiyyətində qalmışdı. Çünki Azərbaycan Ermənistanı kapitulyasiyaya uğratdı. Ona görə də Paşinyanın imzaladığı sənəd kapituliyasiya sənədi idi. Sadəcə olaraq müəyyən zaman keçdikdən sonra Paşinyan kənardan gələn təlimatlar əsasında üçtərəfli bəyanatın şərtlərinə əməl etməkdən boyun qaçırmağa çalışır.
Bunu Teleqraf.com-a Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
O qeyd edib ki, əslində Ermənistan üçtərəfli bəyanatın şərtlərinə uyğun praktiki olaraq heç bir addım atmayıb: “Erməni tərəfi davranışları ilə üçtərəfli razılaşmadan kənarda qalıb:
“Çünki bəyanatın imzalanmasından sonra erməni silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarılmadı. Eyni zamanda kommunikasiyaların açılması ilə bağlı heç bir addım atılmadı. Həmçinin sərhədlərinin müəyyənləşməsi istiqamətində heç bir iş görülməyib”.
Deputat hesab edir ki, Paşinyan indiki halda müstəqil siyasət həyata keçirmək iqtidarında olmadığını büruzə verir:
“Üçtərəfli razılaşmanın 9-cu bəndinə əsasən Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması nəzərdə tutulub. Zəngəzurdan keçəcək bu dəhlizə Rusiya sərhəd xidməti nəzarət edəcəkdi. İndiki halda isə erməni tərəfi Rusiyanın dəhlizə nəzarət imkanını qəbul etmək istəmir. Paşinyan Tibilisidə, İrəvanda bununla bağlı bəyanat verib”.
Elşad Mirbəşiroğluna görə, bu kimi yanaşmalar Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirəcək:
“Azərbaycan İrandan keçməklə Naxçıvanla əlaqə yaratmaq imkanlarına sahibdir. 2021-ci ildə İranla razılaşma əldə edilib. Ona görə də, Rusiyanın təsir imkanlarını nəzərə alaraq Ermənistan özünün davranışları ilə vəziyyətini daha da ağırlaşdıracaq”.