II Qarabağ müharibəsindən sonra Azərbaycan dövləti qarşısına qoyduğu bütün hədəflərə ardıcıllıqla nail olmaqdadır. İstər ordu quruculuğu, istərsə də digər sahələrlə yanaşı azad edilmiş ərazilərdə aparılan geniş bərpa-quruculuq işləri, Böyük Qayıdış konsepsiyasına uyğun həyata keçirilən işlər bunun bariz nümunəsidir. Sözsüz ki, başlıca hədəf ölkə ərazisində konstitusiya quruluşunun bərqərar edilməsi kimi vacib prinsip də qarşıda duran əsas amal idi. Bu ilin 19-20 sentyabrında həyata keçirilən və heç bir mülki obyektə və mülki şəxsə zərər vurmadan konkret hərbi hədəflərə yönələn lokal antiterror tədbirləri ilə Azərbaycan ərazisində uzun on illiklər “kök” salmağa çalışmış separatizmə sarsıdıcı zərbə vuruldu və o tarixin arxivinə göndərildi. Bu hadisə II Qarabağ müharibəsindəki tarixi zəfərdən sonra əldə edilən vacib uğurlardan biri olmaqla yanaşı, müasir Azərbaycan tarixində müstəsna yer tutur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin noyabrın 8-də Xankəndidə Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradı qəbul etməsi tarixi hadisə idi: “Ali Baş Komandanın qalib ordunun paradını Xankəndidə qəbul etməsi və çıxışında vermiş olduğu mesajlar olduqca böyük əhəmiyyətə malikdir. Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan II Qarabağ müharibəsi ərazi bütövlüyünü təmin etdi. Tarixi Şuşa şəhərinin azad edilməsindən bir gün sonra sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldıraraq kapitulyasiya aktına imza atdı. Bu tarixi qələbə Azərbaycan xalqının milli həmrəyliyi, uzun illər ərzində aparılan uğurlu siyasətin nəticəsində əldə edildi. Sözsüz ki, ulu öndər Heydər Əliyev strategiyasını böyük uğur və əzmlə davam etdirən Müzəffər Ali Baş Komandanın praqmatik siyasəti, qətiyyəti həlledici amil idi. Sözü və əməli bir olan Prezident İlham Əliyevin prinsipial mövqeyi Azərbaycan xalqının ümidlərini reallığa çevirdi. 20 il öncə Prezident seçilərkən və ulu öndər Heydər Əliyevdən sonra bu tarixi missiyanı üzərinə götürərkən, cənab Prezident Azərbaycan xalqına vermiş olduğu bütün sözləri yerinə yetirdi. Cənab Prezidentin uğurlu strategiyası nəticəsində Azərbaycan dövləti ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”.
Professor Silahlı Qüvvələrimizin, qəhrəmanlarımızın döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovduğunu bildirib: “Sözsüz ki, Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmayıb. Ordumuzun 44 günlük döyüş əməliyyatının hər biri böyük qəhrəmanlıq nümunələri ilə yadda qaldı. Bu xüsusda Şuşa əməliyyatı müasir Azərbaycan tarixinə bir qəhrəmanlıq dastanı kimi düşdü. Qəhrəmanlarımızın qarşısında duruş gətirə bilməyən düşmən ordusu qaçmaqla, döyüş meydanında uzaqlaşmaqla fərarilik etdi. Azərbaycan Ordusunda isə bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etmədi. Sözsüz ki, bu amil Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini dünyaya nümayiş etdirdi. Bu müharibənin başlaması isə Ermənistanın işğalçılıq niyyətindən çəkməməsi davamlı olaraq təxribatları ilə bağlı idi. Fakt odur ki, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Beləliklə də illər keçdikcə sülhə ümidlər tükənirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər isə faktiki olaraq vəziyyəti dondurmağa çalışır və Azərbaycan xalqının bu arzuolunmaz vəziyyətlə barışacağını düşünürdülər. Bütün bunlara baxmayaraq Azərbaycan sülhün tərəfdarı kimi çıxış edir, ədalətin məhz bu müstəvidə bərqərar olacağına inamını qoruyurdu”.
Deputat 27-i sentyabr 2020-ci ildə başlayan 44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılmasından sonra Azərbaycan dövlətinin siyasi-diplomatik müstəvidə böyük uğurlar qazandığını söyləyib: “Müharibədən sonra Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana təhvil verildi. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi. Ermənistan bu şərtləri yerinə yetirməyə məcbur oldu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdü. Döyüş meydanında qələbə qazanmasına baxmayaraq II Qarabağ müharibəsindən sonra da ölkəmizdə Ordu quruculuğu prosesi böyük uğurla davm edib. Azərbaycan Ordusunun ən müasir silah-sursat texnikaı ilə təchizatı, şəxsi heyyətin peşəkarlığını daha da artırılması üçün bütün zəruri addımlar atılır. Məhz II Qarabağ müharibəsindən sonra Ermənistanın təxribatı fonunda Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat Azərbaycan Ordusunun peşəkarlığını və döyüş qabiliyyətini bir daha sübut etdi. Əslində bu hərbi əməliyyatlar Ermənistanın siyasi rəhbərliyini kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etmələri üçün verilən siqnal idi. Amma hər zaman olduğu kimi erməni tərəfi bu dəfə də reallığı dərk etməyərək işğalçılıq mahiyyətindən əl çəkmir, Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələr saxlayır, separatizmi himayə edirdi. Məhz 2023-cü il 19-20 sentyabr tarixində Azərbaycan Ordusunun böyük peşəkarlıqla, heç bir mülki obyektə və şəxsə zərər vurmadan həyata keçirdiyi lokal antiterrir tədbirləri separatçıların ağ bayraq qaldıraraq təslim olması ilə yeklunlaşdı: “8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu erməni silahlı qüvvələri məğlub etməklə düşməni kapitulyasiya aktına imza atmağa mcəbur etmişdisə, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətin təmin olunması ilə ərazi bütövlüyümüz tam bərpa edilmişdi. 2023-cü sentyabrın 20-də qələbə ilə yekunlaşmış lokal antiteror tədbiləri isə dövlət suverenliyimizin tam bərpası ilə yekunlaşdı. Azərbaycan ərazisində separatizmə birdəfəlik son qoyuldu. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edildi. Təbii ki, bu tarixi uğurlar heç də qısa zamanda əldə edilə biməzdi. Son 20 ildə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu praqmatik siyasət məhz bu reallığın təmin edilməsinə, tarixi qələbənin yaxınlaşmasına hesablanmışdı”.
Eldar Quliyev Müzəffər Ali Baş Komandanın oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xocalı və Xankəndidə şanlı Azərbaycan Bayrağını ucaldılmasının hər bir azərbaycanlı üçün qürurverici olmaqla yanaşı, tarixi hadisə olduğunu söyləyib: “Bir vaxtlar Azərbaycan torpaqlarından xalqımıza, dövlətimizə qarşı hədə-qorxu gələnlər öz layiqli cəzalarını aldı. Qarabağ Azərbaycandır! deyimi öz prinsipiallığını təmin etdi. Ermənistan və ona havadarlıq edənlər Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilmədi. Tarixi ədalət bərpa edildi. Bu mənada Ali Baş Komandan tərəfindən Xankəndidə təşkil edilən qələbə paradında verilmiş mesajın əhəmiyyəti olduqca böyükdür. Bu Ermənistan rəhbərliyinə revanşistlərə, Ermənistanın arxasında dayanan qüvvələrə açıq xəbərdarlıqdır”.