Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn Azərbaycan haqda sərt danışdı. O bildirdi ki, sülh müqaviləsi imzalananadək ABŞ Azərbaycanla yüksək səviyyəli əlaqələri dayandırır, üstəgəl, dövlət səviyyəsində hərbi yardımdan imtina edir. ABŞ-ın ölkəmizə qarşı sərtləşməsi nə ilə əlaqəlidir?
- Amerika çox istəyir ki, Rusiya və Ermənistan arasında olduğu kimi, Azərbaycanla Rusiya arasında da gərginlik olsun. Bu isə Azərbaycana əl vermir. Rusiya ilə gərginlik bizə nə qazandıra bilər? Heç nə. Biz Qərbin istəkləri üçün alət ola bilmərik. Ermənistan istəyir və məmnuniyyətlə alət rolunu oynayır. Bizə isə alət olmaq lazım deyil.
Mən demirəm ki, Azərbaycan Rusiyanın ağuşuna atılsın, elə şey yoxdur. Azərbaycan öz maraqları naminə Rusiya ilə bərabərhüquqlu münasibətlər qurub. Qərb isə istəyir ki, bizdən Rusiyaya qarşı istifadə etsin, onun dedikləri bunun ifadəsidir.
Digər məsələyə gəlincə, Azərbaycan Amerikanın yardımından asılıdır? Ya Amerikanın xoş münasibətindən asılıyıq? Öz sərhədlərimiz daxilində oturub işimizlə məşğuluq, Amerikadan heç nə ummuruq. Bizim umduğumuz yeganə şey odur ki, daxili işlərimizə qarışmasınlar.
- Obrayn onu da bildirdi ki, qarşıdakı həftələr sülh müqaviləsinə tərəflərin mövqeyini müəyyənləşdirmək üçün kritik müddətdir. Sizcə, bu mesajın arxasında nələr var?
- Sülh müqaviləsi ilə bağlı məsələ çox aydındır: beynəlxalq hüquq normaları əsasında hər iki tərəfin qanuni haqları tanınır və düşmənçiliyə son qoymaq öhdəliyini götürürlər. Böyük sülh müqaviləsinin mənası budur. İndi Ermənistan Azərbaycanın anklav kəndlərini qaytarmaq fikrində deyilsə və öhdəliyinin əksinə olaraq Mehri yolunu açmırsa, sülh müqaviləsi olmayacaq.
Delimitasiya komissiyası işini bərpa etməsə, hansı sülh müqaviləsindən söhbət gedə bilər?
Əlbəttə, Mehri yolu olmasa belə, Bakı ilə Naxçıvan arasında əlaqə var – həm hava, həm də quru yolu. Bakıda avtobusa minib rahat Naxçıvana getmək olur. İran üzərindən bu əlaqə var, havayla da uçuruq. Yəni bu, Azərbaycan üçün ölüm-dirim məsələsi deyil. Ermənistan istəyirsə ki, bütün kommunikasiyalar açılsın, onda öhdəliyinə sadiq qalaraq Mehri yolunu açmalıdır.
Mehri yoluna kimin nəzarət edib-etməyəcəyi Rusiya və Ermənistanın işidir, bunun Azərbaycana dəxli yoxdur, özləri həll etsinlər.
Bir sözlə, sülh müqaviləsinin imzalanması ilk növbədə Ermənistanın mövqeyindən asılıdır. Qərb dövlətləri Cənubi Qafqazda sülh istəyirlərsə, onda Ermənistana desinlər ki, ağlını başına yığ, beynəlxalq hüquqa münasib mövqe tut.
- Bəs Nikol Paşinyan sülhdə nə qədər maraqlıdır? Özü dedi ki, qarşıdakı aylarda sülh müqaviləsinin imzalanması ehtimalı yüksəkdir, bunun üçün çalışır.
- Paşinyana ilk növbədə öz hakimiyyətini qorumaq lazımdır. Əgər sülh müqaviləsinin imzalanması bu marağına xidmət edəcəksə, bunu istəyəcək. Görsə ki, xidmət etmir, uzadacaq. Paşinyan üçün əsas qayə vəzifədir.
- Ceyms Obrayn onu da söylədi ki, Qarabağdakı Rusiya sülhməramlıları dəyişdirilməlidir. Obrayn bunu deyəndə nəyi nəzərdə tutur? Ehtimal etmək olarmı ki, hansısa məqsəd üçün Qarabağa girmək istəyirlər?
- Bu, Amerikaya aid məsələ, onun səlahiyyətlərinə daxil deyil. Sadəcə rəy bildirir. Mən də deyə bilərəm ki, Amerikada ştatlar arasında münasibətlər daha yaxşı tənzimlənməlidir. Hansısa sözü demək mənim hüququmdur, kimsə nəsə deyə bilməz. Obrayn da öz fikrini bildirir, sağ olsun. Yəni onun fikri Quran ayəsi deyil ki, dərhal həyata keçsin.
Rusiya sülhməramlılarının Azərbaycan ərazisində qalması məsələsini Azərbaycan dövləti həll edir, Amerika yox. Əlbəttə, Obrayn “dəyişməlidir” deyəndə onu nəzərdə tutur ki, ruslar getməlidir, hansısa beynəlxalq missiya gəlməlidir.
Azərbaycanda sülhməramlılara nə ehtiyac var? Bizə sülhməramlı lazım deyil. Ermənilər qayıtmaq istəyirlərsə, Azərbaycan hökuməti deyir ki, bizim vətəndaşımız olun və qayıdın. Qayıtmaq istəmirlərsə, biz yaxalarından tutub sürüyə-sürüyə Azərbaycana gətirə bilmərik. Könüllü gediblər, könüllü də qayıtsınlar.
Rusiya sülhməramlılarının Azərbaycan ərazisində qalma müddəti üçtərəfli bəyanatla müəyyənləşib. 2025-ci il noyabrın 9-da Azərbaycan sülhməramlılara deyə bilər ki, gedə bilərsiniz, qalmağa ehtiyac yoxdur. Həqiqətən də yoxdur, çünki gəlmişdilər ki, sülhü bərqərar etsinlər, sülh də bərqərar oldu.
Erməni qoşunları – sülhün düşmənləri çıxıb getdilər, onlara rəhbərlik edənlər Qarabağ ermənilərinə əmr etdilər ki, siz də çıxın. İndi Qərb və Ermənistan çalışır ki, bu məsələdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etsinlər. Bu maraqları naminə də deyirlər ki, qayıtmaq istəyən ermənilər ruslara inanmırlar, “təhlükəsizlik təminatı”nı Qərb versin. Qayıtmaq istəyirlərsə, qayıtsınlar, amma başqa şey olmayacaq.
Onda Azərbaycan da deyir ki, 1988-ci ildə vəhşicəsinə öz dədə-baba yurdlarınan qovulmuş 200 min azərbaycanlının da Ermənistana qayıtmaq hüququ var, onların da hüquqlarına və təhlükəsizliklərinə təminat lazımdır. Bu məsələ beynəlxalq hüquq da var. Amma özlərini “korluğa, eşitməzliyə” vururlar. İkili standart budur.
Bəzən qərblilər üçlü standartlardan da istifadə edirlər, ermənilər də özlərini “xamlığa” vururlar, deyirlər ki, azərbaycanlıların Ermənistana qayıtması Ermənistanın təhlükəsizliyinə “xətər” vura bilər? Nə xətər? Sözlərindən belə çıxır ki, ermənilərin Azərbaycana qayıtması “xətər” deyil, amma azərbaycanlıların Ermənistana qayıtması “xətər”dir. Bu məntiqi necə izah etmək olar?
Paşinyan bisavadlığından nə dediyini anlamır, qanmır. Etnik əsaslarla azərbaycanlıların öz vətənlərinə qayıtmalarını qəbul etmir. Məsələn, Federal Almaniyanın prezidenti Konrad Adenauer 51-52-ci illərdə deyirdi ki, yəhudilərin Almaniyaya qayıtması ölkənin milli təhlükəsizliyinə xətərdir. Bunu başqası desəydi, külünü göyə sovurardılar. İndi Paşinyana da heç nə demirlər, çünki ermənidir. Özü başa düşmür ki, faşist mövqeyindən çıxış edir.
Ermənistan azərbaycanlıları deyirlər ki, Ermənistan pasportlarını və qanunlarını qəbul etməyə, erməni dilini öyrənməyə hazırıq, muxtariyyət də istəmirik, sadəcə öz doğma yurdumuzda yaşamaq istəyirik. Amma ermənilər buna imkan vermir.
Qərb də bizə deyir ki, ermənilərin Qarabağa qayıtmaları üçün orada hansısa beynəlxalq missiya yerləşdirilməlidir. Gedib başlarını divara vursunlar, biz belə tələbləri qəbul edən deyilik. Biz müstəmləkə deyilik, müstəqil dövlətik. XX əsrin əvvəllərində müstəmləkə Şərqində istədiklərini edə bilərdilər, indi XXI əsrdir.
- Qərbin təzyiqləri nə vaxta qədər davam edəcək?
- İstədikləri qədər təzyiqləri davam etdirsinlər, Azərbaycan öz imkanları daxilində bunları dəf edəcək. Əminəm ki, Azərbaycan Qərbin haqsız təzyiqlərinə sinə gərəcək.
- Ermənistan silahlanır: Hindistan və Fransa silah göndərişini artırır. Bu haqda nə düşünürsünüz?
- Ermənistanın ordusu bu yaxınlarda ağır məğlubiyyətə uğrayıb, darmadağın edilib. Rusiya artıq Ermənistana silah vermir, heç özünə çatmır. Ermənistanın da əsas silah mənbəyi Rusiya idi. Fransa ona 20-30, lap 100 hərbi maşın verir. Bu zirehli maşının da başında bircə pulemyot var. Bununla Ermənistan ordusunun hərbu qüdrəti artacaq? Hindistan da top verir. Ermənistan 20-30 hind topu ilə ordusunu gücləndirə və Azərbaycana qalib gələ bilməz. Bizim sayımız da onlardan dəfələrlə çoxdur, silahlarımız da qat-qat mükəmməl, müasirdir.
Fransa Ermənistana zirehli maşın, Hindistan top verir, versinlər, öz işləridir. Ermənistan bizim üçün güclü hərbi təhlükə deyil. Qarabağdakı birgünlük antiterror əməliyyatları göstərdi ki, Ermənistan dövləti və ordusunun Azərbaycana müqavimət göstərməyə gücü yoxdur. İnnən belə on ilə də silahlansa, təlim keçirsə, Azərbaycan ordusuna çata bilməyəcək.
- Ermənistan Rusiyaya qarşı sərt addımlar atır. Paşinyan Rusiyanın rəhbərlik etdiyi bütün platformaları boykot edir, Kremlin bunun qarşılığında təmkinli mövqeyi diqqət çəkir. Sizcə, iki ölkə arasında baş verənlər hansı gəlişmələrə yol aça bilər?
- Ermənisanın öz məsələsidir. Rusiya ilə, Qərblə münasibətləri necə qurursa, özü bilər. Ermənistan indi qəfəsin içində oturub, bu qəfəsin dəmir barmaqlıqları da Rusiya istehsalıdır. Rusiya silahı ilə silahlanır, iqtisadiyyatına Rusiya nəzarət edir, enerji təchizatı Rusiyanın əlindədir, generalları Rusiyadan əmr alır, sərhədlərini Rusiya sərhədçiləri qoruyur, ərazisində Rusiyanın hərbi bazası var, büdcəsinin 20-30 faizi Rusiyadan gələn pulların hesabına formalaşır – bu, Ermənistanın indiki vəziyyətidir.
Eyni zamanda, Ermənistan həm KTMT-nin, həm də Avrasiya İqtisadi Birliyinin üzvüdür. Yəni bu ölkə və Paşinyan rus qəfəsində oturub qışqırır ki, biz Qərbə inteqrasiya edirik. Rus qəfəsində otura-otura necə Qərbə inteqrasiya etmək olar?
Hətta möcüzə olsa, bütün dediklərim dəyişsə - rus qəfəsindən çıxsa belə, Ermənistan Qərbə necə inteqrasiya edəcək? Qərbə gedən yolda Türkiyə durub. Türkiyəyə kəllə atır, şıllaq atır, həm də Türkiyədən keçib Avropaya inteqrasiya olmaq istəyir. Türkiyə Avropanın tərkib hissəsidir, NATO üzvüdür. Qərbin ən mühüm tərkib hissələrindən biri Türkiyədir. Ermənistan da Türkiyə ilə və onun müttəfiqi Azərbaycanla düşmənçilik edir. Belə vəziyyətdə Qərbə necə inteqrasiya edəcək?
Qərbə inteqrasiya arzusunu bildirmiş Gürcüstan, Moldova və Ukrayna 30 ilə yaxındır bunu istəyir. Onları NATO-ya, Avropa Birliyinə qəbul ediblər? Yox. Hər dəfə “Qərbə inteqrasiya etmək istəyirik” deyəndə, Rusiya başlarına qapaz vurur. Bu onların xarici siyasətlərinin nəticəsidir. Buna “uğurlu xarici siyasət” demək olar? Bu siyasi qanmazlıqdır, səfehlikdir. Əvvəllər gürcülər, ukraynalılar və moldovanlar etmişdilər, indi də ermənilərin növbəsidir.