Azərbaycan və İraq Respublikası arasında münasibətlər uğurla inkişaf edir. İki ölkə arasında diplomatik münasibətlər 30 mart 1992-ci il tarixində qurulmuşdur. Həmin ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır. Ötən dövr ərzində iki ölkə arasında müntəzəm əlaqələr mövcud olmuşdur. 2016-cı ilin oktyabr ayında Azərbaycanın Bağdad şəhərində səfirliyi fəaliyyətə başlamışdır. Həmçinin, İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirərək BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında bir-birini dəstəkləmiş, qarşılıqlı olaraq ərazi bütövlüyün və suverenliyini dəstəkləmişdir. Onu da qeyd etmək lazımdır ki, bu səfər diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Şübhəsiz ki, bu əlamətdar hadisə ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verməklə yanaşı, iki ölkə arasında əməkdaşlıqda yeni səhifə açacaqdır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, cənab Prezident İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşü zamanı Azərbaycanın ərazi bütövlüyün və suverenliyini tam təmin etməsi ilə nəticələnən regionda yaranmış yeni reallıq və Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarının hazırıkı vəziyyəti və eləcə də regionda marağı olan güclərin prosesə mənfi təsiri haqqında fikirlərini çatdırıb. Beləki, ölkə Başçısı çıxışda deyib: “Faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi”. Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edib. Hər zaman beynəlxalq hüquqa və ədalətə arxalanıb. Doğrudur, otuz il ərzində və hazırda da beynəlxalq hüquq selektiv yanaşmalarla tətbiq olunur. Bütün bu ədalətsiz və beynəlxalq hüquqa zidd yanaşmalara baxmayaraq, Azərbaycan öz milli maraqlarından irəli gələn məsələləri uğurla həll etdi. Nəticədə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Cənubi Qafqazda yeni bir reallıq yarandı. Şübhəsiz ki, bölgədə marağı olan dövlətlər və güclər bu reallığın işığında öz siyasətlərini formalaşdırmağa məcburdurlar.
Millət vəkili Tamam Cəfərova xüsusilə vurğulayıb ki, Azərbaycan qazandığı bütün hərbi-siyasi uğurlara baxmayaraq, sülh təklifini etməklə dünya tarixində yeni bir mədəniyyət nümayiş etdirmiş oldu. Hamının bildiyi kimi, tarixdə qalib tərəfin sülh təklif etməsi halları çox nadirdir. Azərbaycanın sülhpərvər, humanist mövqeyinə baxmayaraq, Ermənistan tərəfi Azərbaycanın təqdim etdiyi şərtlərlə bağlı qeydlərini hələ də təqdim etməyib. Azərbaycan bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə edib. Lakin, indi sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, Azərbaycan tərəfi gözləyir. Ermənsitan tərəfindən hələ də cavab verilməməsinin bir çox səbəbləri ola bilər. Bizə görə bunlardan ən vacibi Ermənistana xaricdən mənfi təsirlərin olmasıdır. Bunlardan başlıcası isə Fransanın Cənubi Qafqazla bağlı destruktiv, qərəzli, məkrli siyasətidir. Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar.
Bütün bu reallıqların fonunda Azərbaycan və İraq arasında keçmişdən gələn diplomatik əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyini deyə bilərik. Həmçinin, hər iki dövlətin beynəlxalq səviyyəli təşkilatlarda təmsil olunması regionda baş verən hadisələrə münasibət və maraqların uzlaşdırılması baxımından da əhəmiyyətlidir. Demək olar ki, beynəlxalq aləmdə sürətlə dəyişən gündəm ölkələrarası münasibətlərə korrektələr edilməsini də zəruri edir. Bu baxımdan İraq Prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin gələcək inkişafına ciddi töhfə verəcəyi şübhəsizdir. Millət vəkili Tamam Cəfərova belə deyib.