Ermənistanın əlinə silah verən Fransa tezliklə onu tək qoyacaq.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Fransanın etdikləri sadəcə təxribatdır. Fransa bilməlidir ki, Ermənistana yaxşılıq etmir, əksinə, pislik edir. Fransa əvvəllər də Ermənistana çoxlu dəstək verib. Hansı nəticəni əldə etdilər? Heç nə. Fransa Minsk qrupunda təmsil olunurdu. İş bitib, heç bir nəticə əldə etməyiblər, durum belə olduğu halda Ermənistanı yenidən təxribata çəkirlər. Zirehli texnikalar göndərsəniz nə olacaq? Bundan nəticə əldə edə bilməzsiniz. Çünki indi öz ərazisinin işğalına son qoyan Azərbaycan var. Qarabağla bağlı nəticə ortadadır. İndi bu hərbi maşınları göndərsəniz, nə alacaqsınız? Əvvəllər Ermənistana göndərilən tanklar, toplar və avtomatlar Azərbaycanın əlinə keçdi. Məqsədləri nəticə almaq deyil, sadəcə Ermənistanı aldadırlar. Ermənistan rəhbərliyi son təcrübələrindən dərs götürməli, bu təxribatlara əl atmamalıdır. Sülh fürsətindən istifadə edib Ermənistanı çaşdıran ölkələrin toruna düşməmək Ermənistanın marağında olmalıdır. Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır. Əlinə silah verənlər qısa vaxtda Ermənistanı tək qoyacaqlar”, - Türkiyə lideri bildirib.