13 Dekabr 2023 08:36
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadırdir”. Biz bu fikirlərin nə qədər doğru olduğunun da şahidiyik. Təməli Ulu Öndər Heydər Əliyev tərifindən qoyulan iqtisadi inkişaf xətti ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu imkanlar daha da artmışdır. İqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. Ölkə iqtisadiyyatı şaxələndirilmiş, neft və qaz sektorundan asılılıq azalmışıdr. Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilməsi də bunun əsas göstəricilərindəndir.

İqtisadi imkanların artması əhalinin sosial vəziyyətinə də müsbət təsir göstərir. Ölkə başçısı hər zaman vurğulayır ki, “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş gəlirlər əhalimizin bütün seqmentləri arasında ədalətli bölünür. Yeni müəssisələr yaradılır, iş yerləri açılır, kəndlə şəhər arasında fərq demək olar ki, aradan qalxıb. Bütün sosial infrastruktur layihələri fasiləsiz və məqsədyönlü şəkildə ardıcıl olaraq həyata keçirilir. Eyni zamanda, xarici borcun səviyyəsi hər il azalır. Bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizi olacaq. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə bu və digər mühüm məsələlərə toxunulur. Ölkə başçısı müsahibə zamanı Azərbaycanın bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edildiyini vurğulayır. Rəsmi Bakı müstəqil siyasət yürüdür, gərgin geosiyasi hadisələr fonunda ölkəmizdə sabitlik hökm sürür, iqtisadiyyatımız inkişaf edir, işğaldan azad edilmiş ərazilərimiz çox sürətlə yenidən qurulur. Artıq 3 minə yaxın keçmiş məcburi köçkünlərimiz doğma torpaqlarında yaşayır. 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Ona görə də əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcəkdir. Bu, əlbəttə ki, ən prioritet məsələlərdəndir. Digər tərəfdən Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsini də xüsusi diqqətdə saxlayır. Əlbəttə ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə yaydıqları açıqlama, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçirilməsinin təsdiqlənməsi, dekabrın 13-də əsirlərin qarşılıqlı şəkildə qaytarılması bütün bunlar Prezident İlham Əliyevin siyasi iradəsi, onun nüfuzu, diplomatik məharətinin nəticəsidir. Qeyd etmək lazımdır ki, ölkə başçısı “Euronews” televiziyasına verdiyi müsahibə zamanı Azərbaycanın sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipinin hazırladığını, onun əsas bəndlərini qeyd edərək bildirdi ki, “Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”. Azərbaycan ermənilərə çoxdan inteqrasiya təklif edib və indi İrəvana xəbərdarlıq edir ki, onu aldadan Qərb tərəfdaşlarının təsiri altındadır. Və onlar heç bir halda Ermənistana fayda verməyəcək, necə ki vermir. Əgər Ermənistan dalan ölkə vəziyyətindən xilas olmaq istəyirsə, deməli Azərbaycanın təkliflərini məntiqlə nəzərdən keçirməli və qərar qəbul etməlidir. Ölkə başçısı bir daha Qarabağda yaşayan erməni əsilli sakinlərlə bağlı fikirlərini diqqətə çatdırdı: “Qarabağın erməni azlığı məsələsə Azərbaycanın daxili işidir. Danışıqlar prosesinin təxminən üç ili ərzində, Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir. Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq”.

Qeyd etmək lazımdır ki, Azərbaycanda dini və milli tolerantlığın mövcudluğunu onun dövlətçilik tarixi təsdiq edir. Azərbaycanda tarixən çoxsaylı etnosların və müxtəlif dinlərin birlikdə yaşamasına baxmayaraq, indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-seçkilik baş verməmiş və dini qarşıdurma olmamışdır. Müsahibə zamanı bu məsələyə toxunan ölkə başçısı bildirdi ki: “Bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır. Ermənilər və azərbaycanlılar Rusiyada bir yerdə yaşayırlar, Ukraynada bir yerdə yaşayırlar və Gürcüstanda hətta eyni kəndlərdə yaşayırlar. Nəyə görə onlar Azərbaycanda və yaxud Ermənistanda bir yerdə yaşaya bilməsinlər? Hesab edirəm ki, onlar bir yerdə yaşaya bilərlər”. Azərbaycan 30 ilə yaxın çəkdiyi ağrılara, əziyyətlərə baxmayaraq, bölgədə daimi sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çağırış edir.

Milli Məclisi Komitə sədri, professor Hicran Hüseynova


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər