15 Dekabr 2023 21:06
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 15-də Mərakeş Krallığının Baş naziri Aziz Axanuş ilə görüşüb.

Parlamentdən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanla Mərakeş arasında yaxşı ikitərəfli münasibətlərin mövcud olduğunu deyən Baş nazir, xüsusən ölkələrimiz üçün mühüm məsələlərdə qarşılıqlı dəstəyin mövcud olmasını təqdir edib.

O, qeyd edib ki, hazırda Mərakeş və Azərbaycan arasında münasibətlərin daha da inkişafına dair müzakirələr aparılır və Mərakeş bu müzakirələri davam etdirmək əzmindədir. Baş nazir Milli Məclis sədrinin bu səfərinin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini qeyd edərək, bunun Azərbaycan və Mərakeş arasında münasibətlərin səviyyəsinin bir göstəricisi olduğunu bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova iki ölkə arasında münasibətlərin inkişafında mühüm sahələrdən biri kimi parlamentlərimizin rolunu qeyd edib. O, Mərakeş Krallığına bu ilk rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər barədə Baş nazirə məlumat verib. Görüşlərdə ölkələrimiz və parlamentlərimiz arasında mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlərin müzakirə olunduğu diqqətə çatdırılıb.

Söhbət zamanı bildirilib ki, ötən il Azərbaycan və Mərakeş arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam olub. Bu dövr ərzində dövlətlərarası münasibətlər inkişaf edib, qarşılıqlı faydalı əməkdaşlıq genişlənib. Milli Məclisin sədri yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin ikitərəfli əlaqələrin inkişafında mühüm rolunu qeyd edib.

Görüşdə həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan və Mərakeş beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq edir və həmrəylik nümayiş etdirirlər. Ölkələrimiz ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birini dəstəkləyir. O cümlədən, Mərakeşin Qoşulmama Hərəkatında və Hərəkatın Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Parlament Şəbəkəsinin işində fəal iştirakı qeyd edilib.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişafının əhəmiyyəti ilə bağlı fikirlər səsləndirilib. Spiker Sahibə Qafarova qeyd edib ki, ölkələrimizin mövcud potensialından istifadə etmək, müxtəlif sahələrdə əməkdaşlığı şaxələndirmək və daha da artırmaq üçün imkanlar var. O, bu mənada Hökumətlərarası Birgə Komissiyanın əhəmiyyətli platforma olduğunu vurğulayaraq, Komissiyanın bu ilin noyabrında keçirilmiş 2-ci iclasında qəbul edilmiş qərarların icrasının gələcək fəaliyyətlər üçün mühüm əhəmiyyətini diqqətə çatdırıb. Söhbət zamanı qeyd edilib ki, ölkələrimiz arasında əlaqələrin daha da inkişafı baxımından müqavilə-hüquq bazasının yaradılmasında parlamentlər də mühüm rol oynayır.

Milli Məclisin sədri Baş nazirə, həmçinin Azərbaycanın 2020-ci ildə öz torpaqlarını işğaldan azad etməsi, postmünaqişə dövründə regionda mövcud olan vəziyyət, Azərbaycanın sülh təşəbbüsləri haqqında da məlumat verib. O, regionda yaranmış sülh perspektivləri barədə də fikirlərini bildirib.

Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işləri çərçivəsində ölkəmizlə Mərakeş arasında əməkdaşlığın mümkünlüyü də müzakirə olunub. Spiker Sahibə Qafarova deyib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədi bu ərazilərdə həyatın yenidən bərpa olunmasıdır. Hazırda "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları əsasında bu ərazilər bərpa edilir, həmin ərazilər "Yaşıl zona" elan olunub. Milli Məclisin sədri Ermənistan tərəfindən basdırılmış minaların görülən bərpa və yenidənqurma işlərinə ən böyük maneə olduğunu söyləyib.

Mərakeş Krallığının Baş naziri Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etməsini mühüm addım kimi qiymətləndirib.

Görüşdə, həmçinin Azərbaycanla Mərakeş arasında nəqliyyat, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı yolları haqqında müzakirələr aparılıb, iqtisadi əlaqələrin intensivləşməsinin zəruriliyi qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər