23 Dekabr 2023 09:06
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Partiyanın sədri Tural Abbaslı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya Prezidenti Vladimir Putinin ardınca müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov da Qarabağ haqda danışdı. Axır vaxtlar Rusiyanın Qarabağı gündəmdə saxlamaq səyləri nə ilə bağlı ola bilər?

- Başda Putin olmaqla bütün Rusiya rəsmiləri bildirirlər ki, Qarabağı tərk edən Ermənistan olub. Yəni etiraf edirlər ki, Rusiya son anadək Qarabağla bağlı Azərbaycanın əleyhinə dirənib. Dediklərindən belə çıxır ki, Paşinyan onları aldadıb və ya pis vəziyyətdə qoyub. Əlbəttə, gözlənilən idi ki, Rusiya məsələnin bitməsinə baxmayaraq, yenə də bütün vasitələrdən istifadə edərək Azərbaycandakı varlığını davam etdirmək istəyəcək. Onların fikrincə, guya bölgədə hansısa konflikt var, Rusiya da burada vasitəçidir. “Dədə Qorqud rolu”nu qorumağa çalışırlar ki, həm Azərbaycana, həm də Ermənistana təsir edə bilsinlər.

Şoyqu deyir ki, Rusiya sülhməramlılarının vəzifəsi Qarabağda sülhün təmin olunması üçündür. Adama sual verərlər ki, sülhü kimlə kimin arasında təmin edirsən? Xankəndidə üç-beş erməni var, ya yox – onlar da quzu balası kimi oturublar. Yəni Rusiyanın Cənubi Qafqazdakı mübarizəsini davam etdirmək mübarizəsi gedir, dedikləri də bunun üçün bəhanədir. Azərbaycan heç kimə bəhanə verməməlidir, verməyəcək. Uzağı 2025-ci ildə Rusiya sülhməramlılarının çıxarılmasını tələb etməliyik.

- Sizcə, vaxt bitəndə - 2025-ci ildə Rusiya sülhməramlıları ərazimizi tərk edəcəklərmi?

- Dünyada proseslər elə sürətlə inkişaf edir ki, nəinki iki il, heç iki saat sonranın proqnozunu vermək olmur. Elə bir şərait yaranar ki, rusların özləri çıxıb gedərlər, elə bir şərait də yarana bilər ki, biz özümüz rusların hələ bir müddət də orada qalmalarında maraqlı ola bilərik. Məsələn, bir müddət əvvəl ermənilər tələb edirdilər ki, beynəlxalq müşahidəçilər Qarabağa gəlsinlər, biz də onu əsas göstərdik ki, ruslar buradadır, əlavə sülh missiyasına ehtiyac yoxdur. Ona görə də, indidən proqnoz vermək çətindir. Azərbaycanın siyasi iradəsi onu göstərir ki, rusların buradan uyğun zamanda çıxmasının tərəfdarıdır.

- Rusiya-Ermənistan münasibətləri də gərginmiş kimi görünür. Ermənistan Baş naziri Nikol Paşinyan bu fonda Rusiyaya getmək qərarı verib. Hesab etmək olarmı ki, artıq gərginlik səngiyir?

- Əslində, Rusiya-Ermənistan münasibətləri gərgin deyil. Ermənistanın Rusiyaya olan münasibəti gərgindir. Rusiyanın Ermənistana münasibəti heç vaxt gərgin olmayıb. Ruslar Paşinyanın ən sərt bəyanatlarına belə yumşaq cavab veriblər. Məsələn, erməni spiker Zaxarovanı “hansısa katibə” adlandıranda Zaxarova cavab verdi ki, katibələrə hörmətlə yanaşır, bütün katibələri salamlayır. Bu o deməkdir ki, əslində, ermənilər ruslardan qopmaq istəyirlər. Ruslar isə erməniləri özlərinin qardaşları bilirlər. Sabah Paşinyanın rusların xoşuna gələn bir bəyanatı münasibətləri əvvəlkindən də yaxşı edəcək. Yəni onlar arasındakı hansısa münaqişəyə ümid bəsləyib siyasət qurmaq doğru deyil.

- Qərb-Ermənistan yaxınlaşması da müzakirə mövzusudur. Xüsusən də Rusiyada... Maraqlıdır ki, Qərb Ermənistanı hara qədər müdafiə edəcək?

- Ermənistan Qərbə Rusiyaya qarşı savaş üçün lazımdır. Ermənistan heç bir strateji, siyasi əhəmiyyəti olmayan dalan bir dövlətdir, Qərb gəlib orada hansı üstünlüyü əldə edəcək? Ermənistanın yeganə üstünlüyü o ola bilər ki, qopara bilsə, Qərb Rusiyanın Cənubi Qafqazdan çıxmasını sürətləndirəcək. Məsələ Qərb-Ermənistan yox, Rusiya məsələsidir. Qərb bu məqsədlə nə qədər sərf edəcəksə, Ermənistana o qədər dəstək verəcək.

Ukraynaya baxın: canı-qanı bahasına özünü, milli maraqlarını saxlamağa çalışır, döyüşür, amma Avropa və ABŞ onu nə günə qoydu?! Artıq pul, silah verməmək haqda düşünürlər. Qərb digərlərini də özünə lazım olan qədər dəstəkləyir. Amerika Əfqanıstanı necə tərk etmişdi? Bu, bir gün Ermənistan üçün də olacaq. Ermənistanın özünün vəziyyəti də ürəkaçan deyil. Ermənistanın təhlükəsizliyi və dövlət kimi varlığı şübhə altındadır. Çünki bütün iplər qopub, bir strateji müttəfiqi qalmamış durumdadır. Bir gün Qərbə, bir gün Rusiyaya meyllənirlər. Bu, davamlı siyasət ola bilməz. Bir gün buna görə varlığı şübhə altında qala bilər.

- Ukraynadan söz düşmüşkən, Qərb, xüsusən də ABŞ bu ölkəyə hərbi yardımını niyə azaldır? Bu müharibədən qazancları nə oldu ki, “bəsdir” demək qərarına gəliblər?

- Ukrayna və Zelenski Rusiya ilə müharibəyə girməklə səhv elədi. Vaxtilə bunu deyəndə məni “rusiyapərəst” olmaqda ittiham edirdilər, mən rusiyapərəst deyiləm, sadəcə prosesin hara getdiyini görürdüm.

ABŞ nə əldə elədi? Amerika yenidən Avropa Birliyini özünə bağladı. Göstərmək istədi ki, mən olmasam, Rusiya sizi işğal edər. NATO yenidən gücləndi, indiyədək alyansdan kənarda qalan iki dövlət üzvlük üçün müraciət etdi. Finlandiyanı qəbul etdilər, İsveç isə gözləyir.

Avropa nə əldə elədi? Ən təhlükəli rəqibini ən azı 15-20 il geri itələdi, iqtisadi və hərbi gücünü azaltdı.

Rusiya nə qazandı? Ən azı Azərbaycan boyda bir ərazini – Donbası özünə birləşdirdi, ərazilərini genişləndirdi. Bu müharibədə uduzan yeganə tərəf Ukrayna və onun xalqıdır. Ukraynanın vəziyyəti ürəkaçan deyil. Əlbəttə, hamımız istəyirik ki, Ukrayna qalib gəlsin, ərazilərini geri qaytarsın. Amma reallıq bunu göstərmir.

- Ukraynadakı müharibənin nəticələri post-sovet ölkələri üçün həlledici məqam olacaqmı? Qərbin beyin mərkəzlərinə görə, bu belədir və Rusiya müharibədən istədiyi nəticə ilə çıxsa, bu coğrafiyaya dair imperialist iddialarını yenidən ortaya qoyacaq.

- Rusiya Ukraynadan qabaqda da bu iddiada idi. Qarabağ, Abxaziya, Osetiya, Dnestryanı, Donbas nə idi bəs? Yəni Rusiya bu iddiasından nə vaxt geri durub? İnanmıram ki, Ukraynadakı qələbə və ya məğlubiyyət Rusiyanın strateji baxışına təsir edəcək. İqtisadi baxımdan geri düşəcək, amma Putin Kremldə olduqca, Rusiyanın imperialist ambisiyası da qalacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər