Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dekabrın 21-də Xankəndi stadionunda çıxışı, vermiş olduğu mesajlar tarixi əhəmiyyətə malikdir. Qədim Azərbaycan diyarı olan Xankəndi şəhər stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyunun keçirilməsi də xalqımızın yaddaşına qürurverici hadisə kimi əbədi həkk oldu. Olduqca böyük tarixi hadisə olan bu idman yarışının Xankəndidə keçirilməsi bütün Azərbaycan xalqının sevincinə səbəb olmaqla yanaşı, dünyaya sülh, bərabərlik çağırışlarının edilməsi kimi də xaralterizə olunur. İşğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə olaraq keçirilən futbol matçında şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsi olaraq oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak ediblər. Bu şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən ən yüksək diqqətin bariz nümunəsi hesab edilir.
Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri Milli Məclisin Sevinc Hüseynova deyib.
“Futbol komandalarımız arasında futbol matçının Xankəndidə keçirilməsinin çox böyük tarixi mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulub. Sonrakı tarixi dövrdə isə Azərbaycan Respublikasının vəsaiti hesabına memarlarımız tətəfindən burada şəhər salınıb. Təəsüf ki, Ermənistanın işğal siyasətinin mahiyyəti olaraq 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdı. Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlayan Ermənistan bunun əbədi davam edəcəyini düşünürdü. Amma şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və buranın əsl sahibləri Azərbaycan xalqıdır. İkinci Qarabağ müharibəsindən sonra özünün işğal siyasətinə və separatizmə dəstək niyyətindən imtina edə bilməyən Ermənistan növbəti dəfə Azərbaycan ərazisinə olan iddialarından əl çəkmək istəmirdi. Məhz 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki antiterror tədbirləri ilə Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam etdi, Artıq bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı qürurla dalğalanır” - deyə o qeyd edib.
Deputat bildirib ki, işğaldan azad edilən bütün ərazilərimiz kimi bu gün Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq-abadlıq işləri aparılır:
“Tarixi Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə Böyük Qayıdış konsepsiyasına uyğun işlər ardıcıllıqla icra olunur. Bunun bariz nümunəsi olaraq Xankəndi stadionu cəmi iki ay ərzində yenidən inşa edilərək əsaslı təmir olundu. Burada separatizm simvolikasını əks etdirən bütün yazılar sökülüb atıldı. Eyni zamanda bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacaq. Məhz antiterror tədbirlərindən sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda Xocavənddə və digər bölgələrimizdə şanlı üçrəngli bayrağımızın ucaldılması, Zəfər Günündə Xankəndinin mərkəzi meydanıda hərbi paradın təşkili, daha sonra Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam və Xankəndi stadionunda futbol yarışının keçirilməsi mühüm önəm kəsb edir”.
Sevinc Hüseynova vurğulayıb ki, Xankəndi stadionunda futbol yarışının keçirilməsi rəmzi məna daşıyır: “Bu Azərbaycan xalqının əzminin, iradəsinin, tarixi qələbəsinin xarakterini göstərir. Tarixi Zəfərlə Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Bundan sonra da Azərbayan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün tarixi torpaqlarımızda geri qayıdaraq burada əbədi, xoşbəxt və təhlükəsiz bir şəraitdə yaşayacaq. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri yaxın zamanlarda bu bölgələrimizin cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi cənnət bir diyara çevrilməsinə imkan verəcək”.