Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Nikol Paşinyan Azərbaycanı sülh prosesini pozmaqda, Ermənistana qarşı ərazi iddiasında ittiham edib. Sizcə, bu hansı məntiqə əsaslanır? Tarixi reallıqları qeyd etmək nə vaxtdan ərazi iddiası ilə eyniləşib?
- Post-sovet məkanı üçün sərhədlər Almatı razılaşmasına uyğun formalaşıb. Burada administrativ sərhədlər əsas kimi götürülüb. Ölkələr də bunu əsas kimi qəbul etmişdi. O cümlədən, Azərbaycan da bu razılığa qoşulmuşdu. Ermənistan da Gürcüstan və Türkiyə ilə sərhədi qismən tanımışdı. Azərbaycanla sərhəddə isə erməni tərəfi bu prinsipi şamil etməmişdi. Ermənistan həmin razılaşmaya imza atdıqda oradakı xüsusi düzəlişə uyğun olaraq niyyətlərini bəyan ediblər. Bu da ondan ibarətdir ki, Ermənistan keçmiş Dağlıq Qarabağ muxtar vilayətini özünə birləşdirir. İddia edirdilər ki, onların ərazi bütövlüyü məhz bu şəkildə qəbul edilməlidir. Avtomatik olaraq Azərbaycanla əlaqədar olaraq bu prinsip Ermənistana şamil olunmayıb.
- Belə olan halda Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsi üçün hansı prinsiplərə istinad edilib?
- Məhz bu reallığa əsaslanaraq Paşinyan 1975-ci ilin xəritələrinin sərhədlərin müəyyənləşməsində əsas götürülməli olduğunu iddia edir. Daha sonra da bununla bağlı hansısa rəqəmlər səsləndirilir.
- Azərbaycan bu xəritə ilə hansı əsasda razılaşa bilər?
- Sözsüz ki, Azərbaycan buna etiraz edir. Çünki keçmiş sovet dövründə Azərbaycan əraziləri hissə-hissə Ermənistana birləşdirilib. Ona görə də, erməni tərəfi əslində 1975-ci ilə istinadla bunu legitimləşdirmək istəyir. Bu halda Azərbaycan başqa bir arqumenti ortaya qoya bilər. Bolşeviklərin işğalı zamanı Ermənistan ərazisi 9 min kv km idi. Bu, heç o vaxt Ermənistan da adlanmırdı. "Ararat respublikası" adı ilə ermənilər bunu bəyan edib. Keçmiş sovet dövründə qanunsuz olaraq Azərbaycan xalqının razılığı olmadan Ermənistana 20 min kv km-lik ərazi verilib.
- Vaxtilə qanunsuz olaraq Ermənistana verilən ərazilərlə bağlı hansı faktların əsas götürülməsi ehtimalı var?
- Əgər Ermənistan vaxtilə Azərbaycan qarşı ərazi iddiaları ilə çıxış etməsə, köhnə sərhədlərdən imtina edilməsəydi, 1991-ci ilin prinsipləri qəbul oluna bilərdi. Erməni tərəfi bundan imtina etdiyinə görə, problemlər çıxdı. Bu problemi Azərbaycan danışıqlar yolu ilə həll etməyə hazırdır.
- Dəhlizlə bağlı yanaşmalarda İran nümunəsini ortaya atmaq hansı məntiqə əsaslanır?
- Ermənistan uzun müddət bu mövqedə qalsa, ümumiyyətlə Zəngəzurun Azərbaycana qaytarılması məsələsi ortaya qoyula bilər. Çünki vaxtilə Orconikidzenin (1917-ci il inqilabında yaxından iştirak edən Serqo Orconikidze Ermənistan və Gürcüstanda sovet hakimiyyətinin qurucularından olub) “qərarına” uyğun olaraq Azərbaycan bölünüb. Beləliklə, Naxçıvan Azərbaycandan ayrı düşüb. Ona görə də, Zəngəzur dəhlizi məsələsi bu şəkildə də həll oluna bilər. Eyni zamanda Göyçə mahalı ilə bağlı məsələni ortaya qoymaq mümkündür. 1929-cu ildə Azərbaycanda Kommunist partiyasının rəhbəri Moskvadan təyin edilən erməni idi. Məhz bu dövrdə Göyçə mahalı Ermənistana verilib. Həmin vaxt da 12 min kv km ərazinin verilməsindən söhbət gedir. Əslində bu ərazilərin Ermənistana verilməsi ilə Azərbaycan Cənubi Qafqazda ən böyük şirin su hövzəsi olan Göyçə gölündən məhrum olub. Sovet dövründə Göyçə gölündə su azalırdı. Naxçıvandan axan Arpaçaydan Göyçə gölünə su gedir. Sadəcə olaraq keçmiş sovet dövründə bu məsələlərə bir dövlət anlayışında baxılırdı.
- Sülh razılaşması sonrası Azərbaycana müharibə dövründə vurulmuş zərərlə bağlı hansı addımlar atıla bilər?
- 10 minlərlə insan öldürülüb. Ölkənin demək olar ki, böyük bir hissəsi talan edilib. Sözsüz ki, Azərbaycana vurulmuş bu zərərə görə Ermənistan gec-tez cavab verməli olacaq. Əgər erməni tərəfi təzminatı ödəməkdən yayınacaqsa, torpaqları həmin zərərin qarşılığı olaraq qaytarmalıdır. Bu da məntiqi danışıqlardan asılıdır.