23 Yanvar 09:20
5 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin yeni, reallıqla uzlaşan konstitusiyaya ehtiyacının olduğunu açıqladı. Sizcə, onun bu niyyəti nə ilə bağlıdır? Məsələn, bunda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının konstitusiyadan çıxarılması ehtimalı nə qədərdir?

- Əslində, Paşinyanın dəyişmək istədiyi konstitusiya Ermənistandakı revanşist qüvvələrin maraqlarına xidmət edir. Bu sənədin əsas müddəaları revanşist qüvvələrin fəaliyyətlərini əsaslandırır. Paşinyan da bu əsasları revanşistlərin əllərindən çıxarmaq üçün konstitusiyanı dəyişəcək. Xüsusən də bu əsasları yaradan müddəaları çıxaracaq. Bunlar da Azərbaycana ərazi iddiaları ilə bağlıdır. Təkcə Azərbaycan yox, həm də Türkiyə ilə əlaqəlidir.

Paşinyanın məqsədi təkcə Türkiyə və Azərbaycanın xoşuna gəlmək deyil, həm də revanşistlərə mesaj verməkdir ki, artıq sizin siyasi əsaslarınız yoxdur. Yəni onlar öz fəaliyyətlərində konstitusiyaya istinad edə bilməyəcəklər.

- Ermənistan cəmiyyəti konstitusiya dəyişikliyinə səs verəcəkmi?

- Hər şey Paşinyanın apardığı və ya aparacağı təbliğat, eləcə də insanlarla münasibətlərin necə qurulacağından asılıdır. Güman edirəm ki, cəmiyyətin əksəriyyəti bu dəyişikliyə səs verəcək. Çünki onlar da başa düşürlər ki, növbəti müharibə heç kəsə lazım deyil. Revanşistlərin gündəmi isə növbəti müharibədir. Əlbəttə, ağlı başında olan insanlar bu dəyişikliyə səs verəcəklər.

- Paşinyan onu da bildirdi ki, Azərbaycan və Ermənistan bir-birlərinə qarşı gizli ərazi iddialarının olmadığına dair təminat məsələsində danışıqlar aparır, artıq bu razılaşdırılıb. Ermənistan rəhbərinin bu açıqlamasına da həmin çərçivədə baxmalıyıq?

- Bəli, bu kontekstdə baxmaq olar. Paşinyan çalışır ki, konstitusiya dəyişikliyinə daha çox insan cəlb etsin və onların rəğbətini qazansın. Buna görə də açıqlama verir ki, iki ölkənin bir-birinə qarşı ərazi iddiası yoxdur, gələcəkdə də olmayacaq.

Əslində, Azərbaycanın belə bir təminat verməsinə ehtiyac yoxdur. Çünki Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, Ermənistana qarşı ərazi iddiaları yoxdur. Düzdür, indiki Ermənistanın yerləşdiyi ərazilər Azərbaycan torpaqları olub, amma biz beynəlxalq hüququ nəzərə alaraq, ona qarşı ərazi iddiaları ilə çıxış etmirik.

- Ermənistana sığınan separatçılar da fəallaşırlar. Tarixin zibilliyinə atılmasına baxmayaraq, separatçı Samvel Şahramanyan yenə də “təyinatlar” edir, “qərarlar” imzalayır və sair. Üstəgəl, separatçı ünsürlər Qarabağla bağlı “beynəlxalq komitə” yaratmaq eşqinə də düşüblər. İndi Paşinyan bu pozucu prosesin qarşısını necə alacaq, ümumiyyətlə, bu gəlişmə onun hakimiyyəti üçün nə qədər təhlükəlidir?

- Konstitusiya dəyişikliyi edilsə və lazımi müddəalar oradan çıxarılsa, eləcə də sülh prosesi inkişaf etsə, Ermənistan üçün yaxşı olacaq. Çünki bu qruplar həm də Ermənistanın daxili təhlükəsizliyini təhlükəyə atırlar. Bu minvalla davam etsələr, onlar Ermənistan qanunları qarşısında cavab verməli olacaqlar. Çünki onların fəaliyyətləri təkcə beynəlxalq yox, həm də Ermənistanın öz qanunlarına qarşıdır.

Ermənistan rəsmilərinin özləri dəfələrlə bəyan ediblər ki, daxildə ikinci dövlətin yaradılmasına icazə verməyəcəklər. Ona görə deyirəm ki, separatçılar bu fəaliyyətləri ilə həm də Ermənistan qanunlarına qarşı çıxış edirlər. Belələrinin Ermənistanda məsuliyyətə cəlb edilməsi ehtimalı istisna deyil.

- Fransa Prezidenti Emmanuel Makron Ermənistanla bağlı “tarixi qərar” verdiyini açıqladı. Sizcə, bu “qərar” nələrdən ibarət ola bilər?

- “Tarixi qərar”ın nədən ibarət olacağını deyə bilmərəm. Ümumiyyətlə, Makron bütün mümkün sərhədləri pozub. Fransanın absurd siyasəti davam edir, bu baxımdan, daha absurd qərarların olacağı istisna deyil. Amma onlar yadlarından çıxarırlar ki, beynəlxalq hüquq, beynəlxalq ictimaiyyətin yanaşması var. Fransa bunları aşa bilməz.

Əgər sən Ukrayna və Gürcüstanın ərazi bütövlüyündən danışırsansa, Azərbaycanın da ərazi bütövlüyündən danışmalısan. Ola bilməz ki, sən orada ərazi bütövlüyünü dəstəkləyirsən, burada yox.

İndi Fransa bu absurd siyasətini davam etdirsə, yenə regionda rüsvay olacaq. Çünki Fransa ilə bağlı baş verənləri digər ölkələr də görürlər, xüsusən də qonşular. Bu absurd siyasəti davam etdikcə, onların Fransaya qarşı münasibətləri dəyişir və dəyişəcək.

Əgər Fransa beynəlxalq səviyyədə artıq zədələnmiş nüfuzunu daha da aşağı salmaq istəyirsə, bu, onun seçimidir.

- Fransa-Azərbaycan gərginliyinin gündəmə gətirdiyi “Total” şirkətinin ölkəmizdən çıxarılması müzakirələrinin getdiyi vaxtda bir diqqətçəkən gəlişmə yaşandı: baş nazir Əli Əsədov Bakıda Britaniyanın “Britiş Petrolium” (BP) şirkətinin rəhbər şəxsləri ilə görüşdü. Bunun Fransa ilə gərginliklə nə kimi əlaqəsi ola bilər?

- Bu, onunla əlaqəli deyil. Azərbaycan rəhbərliyi hər ilin əvvəllində BP-nin nümayəndələri ilə görüşür. Belə görüşlər əvvəllər də olub. Çünki Britaniya şirkəti “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının aparıcı operatorlarından sayılır. BP hər ilin əvvəlində Azərbaycan hökumətinə qarşıdakı ildə görüləcək işlərlə bağlı hesab verir, planlarını təqdim edir. Azərbaycan hökuməti də bunlarla tanış olur, öz fikirlərini bildirir. Yəni görüş sırf bunlarla bağlıdır, “Total” və ya digər məsələlərlə əlaqəli deyil.

“Total”a gəlincə, bu şirkət Azərbaycanın etibarlı tərəfdaşıdır, indiyədək üzərinə düşən öhdəlikləri yerinə yetirib. Yeri gəlmişkən, mövcud durumda ən çox əziyyət çəkən “Total” şirkətidir. “Total” kimi nüfuzlu şirkətlər Fransa hökumətinin absurd siyasətindən əziyyət çəkirlər. Təkcə Azərbaycanda yox, digər ölkələrdə də. Həmin şirkətlər Fransa prezidentinin apardığı siyasətdən məyusdurlar. Amma Makron bu siyasətini davam etdirsə, daha ağlasığmaz qərarlar versə və çağırışlar etsə, bu şirkətlərin fəaliyyətləri üçün fon xeyli pisləşəcək. Əlbəttə, onlar da anlayırlar ki, belə bir vəziyyətdə faydalı fəaliyyət göstərə bilməzlər.

Bəli, ziddiyyətlər var, bu ziddiyyətlərin nə qədər dərinləşəcəyini qarşıdakı aylarda görəcəyik. Daha fors-major vəziyyət yaransa, hamı bilməlidir ki, onda Fransa şirkətini bu faydalı yataqlarda digər şirkətlər asanlıqla əvəzləyə bilər. Çünki Avropada Azərbaycan qazına tələbat və bu yataqlarda işləmək istəyən xarici şirkətlərin sayı artır. Düşünürəm ki, Fransa bundan nəticə çıxarmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər