25 Yanvar 13:58
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını vaxtında atılmış addım kimi dəyərləndirirəm. Bu bəyanat AŞPA-nın uzun müddət davam edən ikili standartlarına, ermənipərəst mövqeyinə, məkrli niyyətinə və Azərbaycana qarşı qərəzli münasibətinə tərs şillə oldu. AŞPA-nın ölkəmizlə bağlı qərəzli mövqeyi həmin təşkilatın insan hüquq və azadlıqlarının müdafiəçisi olmasının yalan üzərində qurulduğunu bir daha təsdiqlədi. Əksinə, bu qərəzli münasibət qurumun insanların taleyi ilə oynadığının, vətəndaşların hüquqlarını qəsdən pozmasının bariz nümunəsidir. Azərbaycan müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir. Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra demokratik prinsiplərin inkişafına xüsusi önəm verib, insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmini istiqamətində əhəmiyyətli uğurlar qazanıb. Bütün bunları görməmək siyasi korluqdur.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, AŞPA ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirməklə siyasi riyakarlığını və saxtalığını bir daha ortaya qoydu. Bu qurumun bir vaxtlar Ermənistan tərəfindən Azərbaycanın ərazisinin bir hissəsinin işğalını pisləyən qətnamə qəbul etməsi hər kəsin yadındadır. Özü də bir dəfə yox, bir neçə dəfə. Bəs indi nə baş verir? Həmin qətnamələrdən bəzilərini xatırlatmaq yerinə düşər. AŞPA-nın 1416 saylı qətnaməsi - Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı 2005-ci il yanvarın 25-də qəbul edilmiş “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsindəki münaqişə” adlı qətnamədə bildirilir: “1991-ci ildə ölkənin müstəqil dövlət kimi tanındığı dövrdə Azərbaycanın sərhədləri beynəlxalq səviyyədə tanınmışdır və Azərbaycanın həmin ərazisinə Dağlıq Qarabağ da daxil idi”. Bu qətnamədə, həmçinin qeyd edilir ki, Azərbaycan ərazisinin xeyli hissəsi hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal altındadır və Dağlıq Qarabağ bölgəsinə hələ də separatçı qüvvələr nəzarət edir. AŞPA azlıqların yaşadığı regional ərazilərin mütləq ayrılmaq hüququna malik olduğuna dair iddiaları rədd edir.

Ç.Qənizadə qurumun 2016-cı ildə qəbul etdiyi 2085 saylı qətnaməni də xatırladaraq deyib ki, həmin sənəd Ermənistanın işğalçılığının rəsmi təsbiti idi və ekoloji fəlakət yaradan işğalçı ölkənin cəzalandırılmasını, Sərsəng su anbarının dərhal Azərbaycana təhvil verilməsini ehtiva edirdi. Amma AŞPA bu qətnaməsini icra etmədi. O, özünün çıxardığı qətnaməni icra etməkdən boyun qaçırmaqla tam saxtakar və qərəzli qurum olduğunu əyani şəkildə təsdiqləmişdi. Faktlar da təsdiqləyir ki, AŞPA üzdə özünü obyektiv, tərəfsiz, hadisələrə hüquqi qiymət verən qurum kimi göstərsə də, daxilindəki məkrli niyyətlərini davam etdirirmiş. Üzdə bir cür, arxada isə başqa cür davrananların bir adı var: riyakar, ikiüzlü. AŞPA bu yolun yolçusu olduğunu öz əməlləri və qəbul etdiyi qərarları ilə beynəlxalq aləmə göstərdi. Qış sessiyasının ilk günündə isə bu qurum Fransa və Almaniyanın əlində alətə çevrildiyini açıq şəkildə nümayiş etdirdi.

Hüquq müdafiəçisi AŞPA-nın qış sessiyasının ilk günündə daxilindəki məkrli niyyətini ört-basdır edə bilməməsinə aydınlıq gətirərək vurğulayıb ki, Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. 2001-ci ildən 2020-ci ilə qədər AŞPA-nın, eləcə də 30 ilə yaxın müddətdə BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir qurumun edə bilmədiyini Azərbaycan cəmi 44 gün ərzində yerinə yetirdi. Bundan üç il sonra isə Qarabağda birgünlük antiterror tədbirləri zamanı Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi. Bax, budur AŞPA, Fransa və bunlara bənzər digər ermənipərəstləri, ağa qara deyən “demokratları” yandırıb-yaxan. Cəmi 32 il müstəqillik tarixi olan bir ölkənin siyasi, iqtisadi, hərbi və mədəni sahələrdəki sürətli inkişafını həzm edə bilməyən “təcrübəli demokratlar” bu tərəqqinin qarşısını almaqda aciz olduqlarını gizlədə bilmədilər. Bu dəfə yalana, böhtana, saxtakarlığa, riyakarlığa əl atdılar. Bu da heç bir fayda verməyəcək. Çünki Azərbaycan belə riyakarlıqlarla, qərəzli qətnamələrlə, təhdid və təzyiqlərlə çox qarşılaşıb, hamısına da qalib gəlib. İflasa uğrayanlar isə milçək kimi ürək bulandırmağa əl atıblar.

Ç.Qənizadə bildirib ki, Azərbaycan qalib ölkədir. Buna baxmayaraq, İrəvana sülh təklif edib. Ölkəmiz bölgədə sabitliyin bərqərar olmasında maraqlıdır. Təbii ki, bütün bunlar uzun illərdir separatçılığı dəstəkləyən, onları qızışdıraraq bölgədə münaqişəni daim alovlandırmaqda maraqlı olan qüvvələrə sərf etmir. Azərbaycana qarşı kinin arxasında da məhz bu dayanır. O deyib ki, Azərbaycan Avropa Şurasına üzv olduğu 2001-ci ildə ölkəmiz torpaqlarının Ermənistan tərəfindən işğalından əziyyət çəkirdi. Bir milyondan artıq məcburi köçkün soydaşımızın illərdir məşəqqətlər çəkdiyi çadır şəhərcikləri yenicə ləğv edilib. Lakin Avropa Şurası və onun Parlament Assambleyası 2020-ci ildə başlanan Vətən müharibəsinə qədər işğala lazımi qiymət vermədi və bir dəfə də olsun işğalçını öz adı ilə çağırmadı.

İşğal dövründə separatçıların Qarabağda dəfələrlə qondarma seçkilər keçirdiyini, Ermənistanın da bu qanunsuzluqlara dəstək verdiyini xatırladan hüquq müdafiəçisi diqqətə çatdırıb ki, o zaman AŞPA siyasi korluq nümayiş etdirdi. Baxmayaraq ki, Ermənistan da Avropa Şurasına qəbul edilərkən üzərinə öhdəliklər götürmüşdü. Öhdəliklərinə əməl etməyən Ermənistana nəinki sanksiyalar tətbiq olundu, heç bu barədə söhbət də aparılmadı. Artıq Qarabağ problemi həll olunub. Azərbaycan Bayrağı ölkənin bütün ərazisində dalğalanır. Qərbi, Avropanın ermənipərəst islamofob qüvvələrini təşvişə salan da budur. Ona görə də ölkəmizə qarşı qərəzli olan, siyasi riyakarlıqdan əl çəkə bilməyən AŞPA kimi beynəlxalq qurumlar tərəfindən təzyiqlər artır, qərəz özünü daha çox büruzə verir. AŞPA isə müxtəlif Avropa ölkələrinin, Avropa Parlamentinə düşə bilməyən islamofob, türkofob nümayəndələrinin düşərgəsi kimi bu prosesin önündə gedir.

“Özünüzü yormayın mösyölər və cənablar. Nə qədər riyakarlıq, saxtakarlıq, təhdid və təzyiq etsəniz də, Azərbaycanı tutduğu yoldan döndərə bilməyəcəksiniz. Azərbaycanın haqq səsini heç bir qüvvə susdura bilməyəcək”, -deyə Ç.Qənizadə bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər