8 Fevral 19:57
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, bu ilin ilk rübündə Azərbaycanla Ermənistan arasında sülhün əldə ediləcəyi ilə bağlı ABŞ-də olan bəzi beyin mərkəzləri tərəfindən hesabat dərc edilib. Zəngəzur dəhlizinin Azərbaycanın nəzarəti mexanizmi ilə işləyəcəyi də ehtimal edilən məsələlər sırasında qeyd edilib...

- Hazırda Amerika daxilində problemlər yaşanır. ABŞ növbəti prezident seçkiləri ərəfəsindədir. Artıq Amerikada Demokratlar və Respublikaçılar arasında olan rəqabət açıq şəkildə hiss edilir. Bunun fonunda ABŞ-dən olan mütəxəssislərin hansısa rəyi maraq kəsb edir. Biz də hesab edirik ki, Azərbaycanla Ermənistan arasında çərçivə sülh sazişinin imzalanması ilə bağlı hər hansı bir problem yoxdur. Çünki burada ümumi prinsiplər bəyan olunacaq. Ona görə də, burada hər hansı problem qalmayıb. Sadəcə olaraq erməni tərəfi istəyir ki, sülh sazişində hansısa rəqəmlər əks olunsun. Amma bu mümkün olan deyil. Ərazi bütövlüyü prinsip kimi tanınacaq. Amma onun müəyyən olunması sonrakı danışıqlarda davam etdiriləcək. Ona görə də, sülhlə bağlı konkret vaxt söyləmək çətindir. Seçki başa çatıb. Ola bilsin ki, bundan sonra proses bir qədər fəallaşa bilər.

- Sülh yoxdursa, müharibə riski gündəmə gətirilir. Azərbaycanın Zəngəzur və Qazax istiqamətində hərbi müdaxiləsindən bəhs edilir. Bu ehtimalları necə dəyərləndirirsiniz?

- Sözsüz ki, burada erməni təxribatlarını istisna etmək olmaz. Çünki onlar təxribat törədib daha sonra bunun ətrafında səs-küy qaldırırlar. Ola bilsin ki, xarici oyunçular da erməniləri hərbi təxribatlara cəlb etmək niyyətindədir. Görünən odur ki, bəzi oyunçular iki ölkənin şərti sərhədində hansısa təxribat törədib sonra orada missiyanın yerləşməsini tələb edəcəklər. Bununla da kənar oyunçular burada öz varlıqlarını təsbit etmiş olacaqlar. Belə bir ehtimallar dəyərləndirilir. Hər halda Fransa Ermənistanı bu kimi təxribatlara hazırlaya bilər. Ümid edirlər ki, Rusiya ilə dil taparaq burada hansısa bir missiya formalaşdıracaqlar. Bunlar tam istisna edilmir.

- Bakının bu proseslərə yanaşması necədir? Azərbaycan bu prosesə hansı halda sadiq qala bilər?

- Azərbaycanın mövqeyi odur ki, birbaşa danışıqlarda məsələlərin həllinə nail olmaq mümkündür. Bu da sözsüz ki, böyük oyunçuları qane etməyən bir taktikadır. Ona görə də, bir çoxları məhz bu arqumentlərin güclənməsinə qarşı təxribatlara əl ata bilərlər.

- 1991-97-ci illərdə Ermənistan prezidentinin müşaviri olmuş Jirar Lipartiyan bu günlərdə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etmədən mövcudluğunun çətinliyinə dair məqalə yazıb. Ermənistan konstitusiyası və müstəqillik aktına düzəlişlərin gündəmə gətirilməsi bu tezislərlə nə dərəcədə əlaqəlidir?

- Lipartiyanı yaxşı tanıyıram. 20 il öncə o, mənə Miçiqan Universitetinin qrantı əsasında birlikdə kitab yazmağı təklif etmişdi. Onun hər bir işinə ideyalarına bələdəm. Amma o, erməni millətçisi olaraq bir çox hallarda daha praqmatik fikirlər söyləyir. Unutmaq olmaz ki, Lipartiyan Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın müşaviri olub. Petrosyan isə Ermənistanın indiki ideologiyasını formalaşdıran şəxsdir. Vaxtilə “miatsum” layihəsini ortaya atan, onu icra edən şəxsdir. Azərbaycan ərazilərinin işğalı, Xocalı soyqırımı və digər hərbi cinayətlər Petrosyanın vaxtında həyata keçirilib. Fakt odur ki, Petrosyan keçmiş münaqişənin yaranmasında əsas olan fiqurlardan biridir. Nikol Paşinyan da uzun müddət Petrosyanın yanında olub. Daha sonra onların yolları ayrıldı. Ona görə də, bəzi emosiyalara aldanıb Petrosyanın Köçəryan və Sərkisyandan fərqli olduğunu düşünmək olmaz. Onların hamısı qatı, ağıllı Azərbaycana düşmən olan şəxslərdir. Petrosyanın özü Suriya ermənisidir. Onun atası Suriya Kommunist partiyasını yaradanlardan bidiridir. Lipartiyan isə Livanda anadan olub. 11 yaşında daşnakların özək təşkilatına gedib-gəlib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər