16 Fevral 08:36
338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təntənəli andiçmə mərasiminə şahidlik etmək əvəzolunmaz qürur idi. Hər bir ölkəni, dövləti, milləti dünyaya tanıdan ilk növbədə onun siyasi xadimləri, tarixi şəxsiyyətləri olur. Onlar öz xalqının və millətinin layiqli təmsilçiləri kimi həm özlərinə, həm də öz xalqlarına tarixdə əbədi iz qoyur, Doğma vətənlərinin tarixini zənginləşdirməklə bərabər, onun dünyada tanınmasında və nüfuzunun yüksəlməsində misilsiz rol oynayırlar. Bu baxımdan Ümummilli Lider Heydər ƏLiyevin layiqli davamçısı cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev fenomenal şəxsiyyəti, siyasi şəriştəsi, Liderliyi ilə Azərbaycan xalqının əbədi sevgisini, inam və etimadını qazanmaqla bərabər, dünya masştablı siyasətçi kimi qəbul olunmuşdur. Xalqımız 7 fevral növbədənkənar prezident seçkilərində nümayiş etdirdiyi fəallıqla cənab Prezident İlham Əliyevə etimad göstərməklə daha güclü Azərbaycan naminə qətiyyət, milli birlik və həmrəyliyini nümayiş etdirdi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır.

Cənab Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi geniş məzmunlu nitqi birmənalı olaraq, Azərbaycanın bütün sahələrdə gələcək inkişaf istiqamətlərini müəyyən edən yol xəritəsi idi. Əminliklə qeyd etmək lazımdır ki, dövlət başçımızın çıxışı xalqımız üçün sevinc və qürur mənbəyidir. Ona görə ki, Onun nitqində Azərbaycan xalqının bütün arzu və istəkləri, gözləntiləri öz əksini tapmışdır. Cənab Prezident genişməzmunlu çıxışında yeni dövrdə daxili və xarici siyasətdə dövlətimizin prioritetlərini açıqlamaqla yanaşı, xarici auditoriyaya, xüsusilə Ermənistan və onun havadarlarına ciddi mesajlar verdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, 7 fevral növbədənkənar prezident seçkiləri Azərbaycan dövlətçiliyinin təntənəsi idi: “Bu seçkilər bir dövrün yekunu, yeni bir dövrün başlanğıcının xəbərçisi hesab olunur. Suverenliyimizin tam bərpa olunması ilə başa çatan tarixi dövr, bütün ərazilərimizdə keçirilən prezident seçkiləri ilə tamamlanmış oldu. Yəni, 2023-cü ilin sentyabr ayında Azərbaycan elə bir dövrə yekun vurdu ki, bu, epoxal bir hadisədir. Əminliklə deyə bilərik ki, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Və cənab Prezidentin ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsi onun sözləri ilə desək “separatizmin tabutuna vurulan son mismar” idi. Artıq, dövlətimiz və xalqımız üçün yeni bir dövr başlayır. Şübhəsiz ki, bu dövrdə ən önəmli məqamlardan və prioritet istiqamətlərdən biri gənc nəslin tərbiyəsi məsələsidir. Bu gün bizim üçün gənclərin vətənpərvər, xalqına, dövlətinə, milli-mənəvi dəyərlərinə sadiqlik ruhunda tərbiyəsi ən vacib məsələlərdən biridir. Azərbaycan ötən otuz ildə bu istiqamətdə dövlət və cəmiyyət olaraq uğurlu bir yol keçmişdir. Bunun əyani sübutunu biz 44 günlük Vətən müharibəsində gördük. Qarabağı görməyən gənclər Vətən, torpaq yolunda canlarını fəda etməkdən çəkinmədilər. Bütün bunlara baxmayaraq, ideoloji risklər sərhəd tanımır. Xüsusilə indiki şəraitdəbu daha actual görünür. Bu barədə cənab Prezident çıxışında xüsusilə qeyd edib: “Bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq-biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir. Elə bir gənc nəsil yetişdirməliyik ki, onlar daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır”.

Millət vəkili bildirib ki, Azərbaycan ailə modeli əsrlər boyu öz dəyərləri ilə ən nümunəvi sosial institutlardan biri olmuşdur: “Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə İnstitutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, təkcə son 30 il ərzində yox, torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Bu istiqamətdə ölkə Başçısı cəmiyyətimizin və dövlətin qarşısına vəzifə qoymuşdur. O çıxışında xüsusilə vurğulayıb “Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur”. Bəli, milli-mənəvi dəyərlərimizin qorunması, gənclərimizə aşılanması, gələcək nəsillərə ötürülməsi hər bir azərbaycanlının, Azərbaycan ailəsinin ən ümdə vəzifəsidir”.


Müəllif: Tapdıq Qurbanlı