Fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması tarixi hadisə idi. Eyni zamanda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”nun imzalanması olduqca böyük bir addımdır.
Bunu Teleqraf.com-a Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib.
O qeyd edib ki, bu, Azərbaycan-Türkiyə təhsil sistemində və ümumiyyətlə siyasətdə vacib addım hesab edilir:
“Azərbaycan universitetləri də yeni yaranan, özündə Türkiyə təhsil sisteminin ən gözəl örnəklərini canlandırmaq imkanı olan Türkiyə-Azərbaycan Universitetindən faydalana biləcəklər”.
Rektor hesab edir ki, bu gün Azərbaycan üçün ən vacib sahələrdən biri də dəqiq, fundamental elmlər istiqamətində irəliləməkdir:
“Türkiyə-Azərbaycan Universiteti təhsilin həm bu istiqamətdə, həm də humanitar istiqamətinin qovşağında fəaliyyət göstərsə, daha təsirli olacaq. Çünki bunların hər hansı biri olmadan fəaliyyət göstərəndə öz potensialından yararlana, istifadə edə bilmir”.
Kamal Abdullaya görə, həm fundamental, həm də humanitar elmlərin böyük potensialı var:
“Azərbaycanda öyrənmək imkanları genişdir. Onların bir-birinin yanında, bir-biri ilə əl-ələ verərək fəaliyyət göstərməsində böyük fayda var”.