28 Fevral 13:06
1 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Mirmahmud bəy, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında Almaniyanın təşəbbüskarlığı önə çıxır. Münxendə İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüşün ardınca bu dəfə xarici işlər nazirlərinin Berlində görüşü keçiriləcək. Almaniyanın 4-cü sülh platforması kimi prosesdə effektivliyi ilə bağlı gözləntilər nədən ibarətdir?

- Sülh müqaviləsinin imzalanması arzu və istəklərlə bağlı deyil. Ermənistana havadarlıq edənlər, daxildəki vəziyyət sülh müqaviləsinin imzalanmasına, zamanına, şərtlərinə təsir edir. Buna qarşı Azərbaycanın mövqeyi də birmənalıdır. Bakı bəyanatlardan o tərəfə heç bir iş görməli deyil. Çünki qarşıda bir çox vəzifə var. Diplomatik müstəvidə isə bu gedişlər edilməlidir. Azərbaycanın bu istiqamətdə olan açıqlamaları doğrudur. Amma tələsməyə də ehtiyac yoxdur. Eyni zamanda Azərbaycan sülh sazişinin imzalanmasında Ermənistan qədər maraqlı olmamalıdır. Bu məsələdə Ermənistan daha maraqlı olduğunu göstərməlidir.

- Proses uzandıqca fərqli yanaşmalar ortaya atılır, Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması ilə bağlı iddialar səslənir. Sizcə, bu ehtimallar nəyə əsasən gündəmə gətirilir?

- Parisin, Moskvanın, Tehranın bu məsələlərdə maraqları var. Ona görə də, vaxtaşırı bu kimi əsassız informasiyaları gündəmə gətirirlər. Bu işin arxasında daha çox Moskva olduğu görünür. Bəzən də Tehranla Moskva arasında bu məsələ ətrafında bir rəqabət də aparılır. Paris isə hər iki tərəfdən daha çox maraqlı olduğunu göstərir. Eyni zamanda bunlar bir çox hallarda diplomatik gedişlər kimi də analiz olunmalıdır.

- İkitərəfli danışıqlara kənar amillərin təsiri nə dərəcədə güclü görünür? Bakı və İrəvanın kənar oyunçu olmadan razılığa gəlmək imkanlarını necə dəyərləndirirsiniz?

- Sonuncu Münxen danışıqlarında Azərbaycanla Ermənistan arasında olan birbaşa müzakirələr ən doğru yanaşmadır. Belə olanda Fransanın, anti-islam ölkəsi olan İranın, nə də ki, Rusiyanın dəstəyi və yaxud iştirakı lazım olmur. Azərbaycanla Ermənistan ikilikdə bu məsələləri həll etməlidir. Münxendə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında olan danışıqlarda da bu istiqamət əsas götürülüb.

- Rusiyanın sülh prosesində yer almaq, vasitəçi kimi iştirak imkanları qalırmı?

- Rusiya artıq prosesdən kənarda qalır, danışıqlarda iştirak etmir. Azərbaycanın ona ehtiyacı da yoxdur. Ermənistanda da eyni vəziyyətdir. Amma Moskvanın öz maraqları burada daha qabarıq görünür. Bu, Rusiyanın Qafqazda, Ermənistan və Azərbaycanla bağlı maraqlarından irəli gəlir. Sülh prosesində yaşanan yayğın, durğun vəziyyət də ona görə baş verir.

- Paşinyanın Rusiyaya qarşı ritorikasına Kreml susqun yanaşır. Ermənistan müxalifəti isə Putinin Nikolu hər an cəzalandıracağını iddia edir...

- Əslində, indi dünya çapında cəzalanan Putinin özüdür. Onun necə düşündüyü, gördüyü işlər ortadadır. Fakt odur ki, o, Qafqazdan əl çəkmək istəmir. Paşinyanı indiyə kimi cəzalandıra bilmədilər. Amma bu ideyanın olmadığını inkar etmək olmaz. Putin bunları edə bilsəydi, məlum mətbuat konfransında Azərbaycanın iki rayonunun Ermənistana qalması fonunda sülhün əldə ediləcəyini deməzdi. Eyni zamanda Belarusiya prezidenti Aleksandr Lukaşenko Ermənistanla bağlı danışdırılmazdı. Demək ki, istəklər hər zaman da real olmur.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər