9 Mart 22:42
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı iddiaları əsassızdır. Bu cür qərəzli bəyanatlar Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilədir. Haqlı olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın bəyanatına qəti etiraz edib. Təəssüf ki, Fransa dünyanın gözü önündə ermənilərin müdafiəçisi olmaqla yanaşı, Cənubi Qafqazda olan müstəqil dövlətlərin daxili işlərinə insan haqqları adı altında müdaxilə etməyə çalışır.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, demokratiya, qanunun aliliyi, insan haqları məsələsi Fransa kimi ölkələrin əlində özəlləşdirilmiş dəyər deyil:

“Onlardan başqa heç kimin bu dəyərlərə malik olmaması ilə bağlı olan iddialar yanlışdır. Sözsüz ki, Fransa bununla da dayanmaq istəmir. Son hadisələr bunun bir daha təsdiq edir”.

Millət vəkili bildirib ki, Xurşidbanu Natavanın heykəlinə qarşı Fransada olan vandallıq du siyasətin bariz nümunəsidir: “Bununla yanaşı Fransa beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı qərəzli qərarların qəbuluna çalışır. Avropa Şurasında Fransanın birbaşa müdaxiləsi və təsiri ilə Azərbaycana qarşı siyasət aparılır. Təəssüf ki, Avropa Şurasının da bu istiqamətdə bəyanatları olacaq. Maraqlısı odur ki, dialoqun kəsilməsi ilə bağlı qərarı özləri qəbul edib. İndi isə dialoq haqqında danışmağa başlayıblar”.

Səməd Seyidov bildirib ki, ikili standartlar siyasəti altında ölkənin daxili işlərinə müdaxilə və regionda sabitliyi pozmaq niyyətləri var: “Çünki bu fikirlər, mövqelər regiona sabitlik gətirmir. Bütün bunlara baxmayaraq Azərbaycan öz mövqeyində, siyasətində güclü və israrlıdır. Fransa kimi ölkələrin uğursuz cəhdləri onların ifşası ilə nəticələnir. Fakt odur ki, Avropa qitəsində Azərbaycana qarşı əsassız məsələləri gündəmə gətirən yeganə dövlət Fransadır”.


Müəllif: Tapdıq Qurbanlı