13 Mart 18:34
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli dostluq və qardaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Hər iki xalq eyni kökə, mədəniyyətə, ənənələrə malikdir. Qazaxıstanda yüz minlərlə azərbaycanlı yaşayır və Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edir. Xüsusilə qeyd etməliyik ki, iki ölkə arasında strateji tərəfdaşlıq günü-gündən inkişaf edir və möhkəmlənir. Münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur. Qarşılıqlı səfərlər əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Əminliklə deyə bilərik ki, bunun əsasını iki ölkənin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.

Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir deyən millət vəkili Tamam Cəfərova qeyd edib ki, bu münasibətlər ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Qeyd etmək lazımdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü il noyabrın 2-də olub. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak edib. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev isə ötən il noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə olub. Əlbəttə, bütün bunlar münaisibətlər yüksələn dinamikasından xəbər verir.

Xüusilə qeyd etməliyik ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən tikilən Kurmanqazı adına Uşaq Yaradıcılıq ölkələrimiz arasında dostluq və qardaşlıq rəmzinə çevrilib. Bu addım Azərbaycan Prezidenti və xalqımz tərəfindən də yüksək qiymətləndirilir. Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deməsi ölkələrimiz arasında yaxın əlaqələrin növbəti dəfə təzahürü idi.

Qeyd etmək lazımdır ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlığın bir çox sahələrini əhatə edən 10 sənəd imzalanıb. Bir daha vurğulamalıyq ki, Azərbaycanla Qazaxıstan strateji tərəfdaş olan ölkələrdir. Beynəlxalq müstəvidə qarşılıqlı fəaliyyət göstərir, əməkdaşlıq edir və bir-birinin maraqlarını müdafiə edirlər. Bu ölkələrin dostluğunun əsasını tarixi köklər, qarşılıqlı əlaqələr və əməkdaşlıq təşkil edir. Əminliklə deyə bilərik ki, Qazaxıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin daha da inkişaf edərək dərinləşməsinə xidmət edəcək. Millət vəkili Tamam Cəfərova belə deyib.


Müəllif: Teleqraf.com