Prezident İlham Əliyevin regionlara səfərləri artıq ənənəyə çevrilib. Aprel ayının 16-da Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri çərçivəsində Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirak edib. Ölkə başçısı səfər çərçivəsində regionlarda görülən işlərlə, inkişaf prosesləri ilə yerində tanış olub. Dövlət başçısının həyata keçirilən layihələri yerində yoxlayıb, öz tapşırıq və tövsiyələrini verməsi hər zaman regionların sürətli inkişafı və layihələrin icrasının intensivliyi baxımından stimullaşdırıcı amil kimi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Prezidentin regionlara mütəmadi səfərləri nəticəsində bölgələrdə yaşayan əhali ölkə başçısının simasında dövlətin diqqət və qayğısını birbaşa hiss edir və bunu yüksək qiymətləndirir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır: “2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla icra edilir. Dövlət proqramlarının uğurlu nəticələri bütün regionlarda özünü göstərir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılıb. Dünyada çətin və mürəkkəb siyasi proseslərin getdiyi bir vaxtda Azərbaycan reallaşdırdığı yerli və beynəlxalq layihələrlə sürətli və dinamik inkişaf nümunəsi ortaya qoyur. Azərbaycanın bütün regionlarında sürətli inkişaf göz qabağındadır. Xüsusilə, 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunan tarixi ərazilərimizdə həyata keçirilən Böyük Qayıdışa dair Dövlət Proqramı ilə yanaşı Azərbaycanın bütün regionlarında sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir”.
Millət vəkili bildirib ki, son illər ölkəmizdə həyata keçirilən ifrastruktur layihələri içərisində Şirvan suvarma kanalının çox böyük əhəmiyyəti var: “Kanalın təməlqoyma mərasimində çıxış edən cənab Prezident onun əhəmiyyətini vurğulayaraq, qeyd edib: “Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaqdır. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görəcək”. Şirvan su kanalının əhatə etdiyi ərazidə yaşayan əhalinin həyat şəraiti və məşğulluq imkanları tezliklə daha da genişlənəcək”.
Millət vəkili hesab edir ki, iqlim dəyişikliklərinin ciddi narahatlıq doğuran problem olduğu dövrdə Şirvan su kanalının təməlinin qoyulması sudan səmərəli istifadə olunması baxımından dövlətimiz tərəfindən atılmış mühüm addımlardan biridir: “Dünyanın müxtəlif yerlərində insanların susuzluqla çox ciddi mübarizə apardığını nəzərə alsaq, suya qənaət hər birimizin üzərinə böyük vəzifələr qoyur. Dövlət bu istiqamətdə atdığı addımlarla cəmiyyətə və dünya ölkələrinə nümunəvi davarnış sərigləyir”.
Tamam Cəfərova vurğulayıb ki, dünyada baş verən siyasi katakilizmlər, iqtisadi böhran fonunda Azərbaycanda dinamik inkişaf yüksələn xətlə davam edir: “Son illərdə milli iqtisadiyyatın sosialyönümlü olması, insan amilinin ön planda olduğu bunu deməyə əsas verir. Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanmaqla yanaşı, vətəndaşların maraq və mənafelərinin təmin olunması mühüm əhəmiyyət kəsb edir”.