17 Aprel 19:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışında vacib məsələlərə toxunub. Ölkəmizin başçısı su təsərrüfatı, qeyri-neft sektoru, regionların sosial-iqtisadi inkişafı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında görülən işlərdən bəhs edib. Bu xüsusda həyata keçirilən infrastruktur layihələri sırasında Şirvan suvarma kanalı xüsusi yer tutur. 1958-ci ildə inşa edilmiş Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Artıq kanal özünün səmərəli fəaliyyət dövrünü başa vurub, yararsız vəziyyətə düşüb. Məhz bu baxımdan da kanal yenidən inşa ediləcək.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

“Beləliklə, minlərlə insan bu layihədən faydalana biləcək. Eyni zamanda icra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək ki, bunun da böyük hissəsi yeni suvarılacaq əkin sahələri olacaq. Bu kanal 8 rayonu əhatə edirdisə, yenidənqurulmadan sonra 10 rayonu əhatə edəcək. Ölkə başçısı da suvarma kanalının təməlqoyma mərasimində bu istiqamətdə görülən işlərdən ətraflı danışıb. Suvarma kanalının inşası Hacıqabul gölünun də bərpasına, dolmasına imkan verəcək. Bu da öz növbəsində ətraf mühitə müsbət təsir göstərəcək” - deyə o qeyd edib.

Millət vəkili bildirib ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdan ibarətdir: “Həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr bu sırada xüsusi yer tutur. Şimal, Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artıb. Taxtakörpü su anbarının tikintisi bu mənada xüsusi əhəmiyyət kəsb edir. Həmçinin Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsidir. Gələn ildən inşasına başlanan Qarabağ kanalı isə 115 min hektarı əhatə edəcək ki, bu da olduqca önəmlidir. Bütün bunlar isə qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsini təşviq edən başlıca amillərdir”.

Deputat hesab edir ki, iqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıqların olduğu dövrdə Azərbaycan bu sahədə mühüm addımlar atır: “Ölkəmizdə yağıntıların normal səviyyədə, çaylarda sululuğun olmasına baxmayaraq Xəzər dənizinin dayazlaşması baş verir. Bu amil su ehtiyatlarından səmərəli istifadəni aktuallaşdırır. Sözsüz ki, ölkəmizdə bir çox infrastruktur layihələri artıq öz həllini tapıb. Qazlaşdırma, elektrik enerjisi ilə təminatı, müasir yollar çəkilib. Bütün bunlar isə ölkə vətəndaşlarının rahatlığına, firvanlığına, həyat səviyyəsinin yüksəldilməsinə hesablanmış zərurir işlərdir. Ölkəmiz bu gün özünün bütün su ehtiyatlarına tam nəzarət edir. Vaxtilə Ermənistan torpaqlarımızla yanaşı su resurslarını da işğal etmişdi. Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ölkəmiz özünün su mənbələrinə tam sahib oldu”.

Sevinc Hüseynova vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ölkəmizin ümumi su resurslarımızın 25 faizini təşkil edir: “Ölkəmizin su resursları daxili mənbələr hesabına formalaşır. Bu gün artıq uzun illər məhz Ermənistanın işğalına görə sudan məhrum olmuş bir neçə rayona su veriləcək. Ağdam rayonunda Xaçınçay su anbarı, Füzuli rayonundakı Köndələnçay su anbarı, inşası davan edən Zabuxçay su anbarı, Suqovuşan su anbarı su təsərrüfatının yaxşılaşmasına müsbət təsir göstərəcək. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi də bu məqsədə xidmət edir. Faktiki olaraq Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlərlə yanaşı suvarma kanallları da inşa edilir. Azad edilmiş ərazilərdə yaşayış evləri, infrastruktur, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanlarının inşası dövlətimizin gücünü, iradəsini nümayiş etdirir. Sözsüz ki. şirin su mənbələri ilə yanaşı Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi hökumətin önəmli təşəbbüslərindən biridir. Bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə ediləcək. Bütün bunlar ölkəmizdə kənd təsərrüfatında məhsuldarlığın artmasına təsir edən başlıca amillərdir”.


Müəllif: Tapdıq Qurbanlı