22 Aprel 13:25
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrasiya qitəsində vəziyyət gərgindir. Müharibələrin və lokal toqquşmaların sayı artıb. Dövlət liderləri müharibələri sonlandırmaq və yenilərinin qarşısını almaq üçün səfərlərin saylarını artırıblar.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bölgədə qarşılıqlı səfərlərin çoxalması Avrasiyada mürəkkəb durumun yaranmasıyla bağlıdır:

“Azərbaycan Prezidenti İlham Əliyevin Moskva səfərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraq və İran Prezidenti İbrahim Rəisinin Pakistana səfəri ilə birbaşa əlaqəsi olmasa da, bu görüş və müzakirələr təhlükəsizlik məsələlərinə diqqətin artırılması ilə əlaqəlidir.

Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Kremlin başqa bölgələrdə təsir imkanları getdikcə azalır. ABŞ və Avropa İttifaqı Rusiyanı Cənubi Qafqaz və Mərkəzi Asiyada sıxışdırmağa çalışır. Pekin Kremlin strateji tərəfdaşı olsa da, Çinin də Cənubi Qafqaz və Mərkəzi Asiyaya təsir imkanları artıb.

Rusiyanın hərbi hissələrinin Qarabağdan çıxarılması Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab verir. Kreml bu məsələdə Bakıya təzyiq edə bilmədi. Əks halda, bu, tərəfdaşlığa xələl gətirərdi. Rusiyanın Ermənistanda da mövqeləri zəifləmək üzrədir. Kreml Cənubi Qafqazı tam itirməmək üçün Zəngəzur dəhlizinə nəzarət etmək istəyir. Bakı Moskva ilə tərəfdaşlıq münasibətlərini davam etdirəcək, ancaq dəhlizə Rusiya hərbçilərinin nəzarət etməsi Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu halda Rusiya Orta dəhliz layihəsinin əhəmiyyətli kəsimini nəzarətində saxlayacaq. Bu, Rusiyanın həm də Türk xəttini nəzarətdə saxlaması demək olacaq.

Azərbaycan Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirməyə və regional layihələrin reallaşdırılmasını sürətləndirməyə hazırdır. Məsələn, Kreml Şimal-Cənub nəqliyyat dəhlizində yükdaşımaları artırmaq istəyir. Bu dəhliz Azərbaycandan keçir. Azərbaycan bu istiqamətdə üzərinə düşəni etməyə hazırdır, sadəcə Moskva və Tehran Rəşt-Astara dəmir yolunun tikintisi həyata keçirilməlidir. Beləliklə, İlham Əliyev ruriyalı həmkarı Vladimir Putinlə həm Azərbaycanla Ermənistan arasındakı sülh prosesi, Zəngəzur dəhlizinin gələcəyi, həm də iqtisadi əlaqələr və Şimal-Cənub dəhlizinin reallaşmasının sürətləndirilməsini müzakirə edəcək”.

Elxan Şahinoğlu qeyd edib ki, Ərdoğan da İraqa təhlükəsizlik məsələrini müzakirə etməyə gedib:

“Ankara ilə Bağdad arasında razılaşma əldə olunub. Türkiyə və İraq PKK terrorçularına qarşı birgə mübarizə aparacaq. PKK illərdir İraqın şimalında kök salıb. İraq öz qüvvələri hesabına PKK ilə mübarizə apararaq terrorçuları Qəndil dağlarından qovmaq imkanına malik deyil. Bunu Türkiyə ordusu edəcək. İraqdan yeganə tələb Türkiyə ordusuna mane olmamaqdır. Bunun qarşılığında Türkiyə İraq iqtisadiyyatının formalaşmasında önəmli rol oynayacaq, iki dövlət regional layihələri işə salacaq.

İran prezidenti İbrahim Rəisi Pakistana səfəri ilə bu ölkə ilə arasındakı anlaşmazlığı yoluna qoymaq istəyir. İran yanvarda “terrorçularla mübarizə” adı altında Pakistan ərazisinə zərbələr endirmişdi. Pakistan da eyni adla İran ərazisinə zərbələr endirdi. Heç-heçə olduğundan hər iki tərəf barışmağa meyllidir. İran İsraillə növbəti toqquşmaya hazırlaşdığına görə, qonşuları ilə gərgin münasibətlər istəmir. Tehran üçün Azərbaycan istisnadır. Tehranın anti-Azərbaycan siyasətində fasilə yoxdur”.

Politoloq əlavə edib ki, Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Ərsin Tatarın Azərbaycana planlaşdırılan səfəri də önəmlidir:

“Tatar Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinə qatılacaq. Ümumiyyətlə, Azərbaycan Türkiyədən sonra Şimali Kiprin müstəqilliyini tanımağa hazırlaşan ikinci dövlət olmağa yaxındır”.


Müəllif: Mənsur Rəğbətoğlu