5 İyun 08:54
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

“COP29-un keçiriləcəyi tarix yaxınlaşdıqca, biz bu konfransın siyasi, iqtisadi əhəmiyyətini daha yaxşı, dərindən anlayırıq. Ənənəvi enerji mənbələrindən asılılığın aradan qaldırılmasını hədəfləyən COP29 ölkəmiz üçün yeni imkanlar yaradır. Konfrans ərəfəsində bir sıra ölkələrin Azərbaycanla əməkdaşlığı gücləndirmək istədiklərini xüsusilə qeyd etmək lazımdır. ABŞ Prezidenti Co Baydenin Bakı Enerji Həftəsi çərçivəsində Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və “Caspian Power” açılış mərasimində bu gün oxunan məktubunu Ağ evin Azərbaycanla bağlı siyasətinə korrektələr etməsi kimi başa düşə bilərik. Baydenin Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas dayaqlardan biri adlandırması ölkəmizə verilən iqtisadi və siyasi dəyərin göstəricisidir”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, Bakıda keçirilən konfrans dünyada çox nadir enerji toplantılarından biridir ki, ABŞ prezidenti təbrik göndərib: “Cənab Baydenin həftə ərzində ikinci məktubu Azərbaycan-ABŞ münasibətlərinin pozulduğunu iddia edənlərə tutarlı cavabdır. Ölkələrimiz arasındakı münasibətləri korlamaq üçün dəridən-qabıqdan çıxan qüvvələr, xüsusilə də, erməni lobbi dairələri çox məyus olublar. Bakı və İrəvan arasında aparılan sülh danışıqları, delimitasiya və demarkasiya prosesi dünya dövlətləri tərəfindən təqdir olunur. ABŞ Prezidentinin qeyd etdiyi kimi, sülh sazişi onilliklərlə davam edən münaqişəyə son qoyacaq, Cənubi Qafqazı dəyişəcək və Azərbaycanın regiondakı rolunu kökündən artıracaqdır. ABŞ bu cəhdi dəstəkləməyə hazırdır. Xatırladaq ki, təxminən bir həftə öncə Bayden Müstəqillik Günü ilə bağlı öz həmkarı İlham Əliyevə məktub göndərmişdi. Oxşar təbrik məktubu ermənilərin “respublika günü” kimi qeyd etdikləri 28 mayda Ermənistan prezidentinə göndərilməmişdi. Bir həftə ərzində Baydenin Azərbaycan Prezidentinə iki dəfə məktub ünvanlaması və məktubda ölkəmizlə bağlı xoş sözlər səsləndirməsi münasibətlərimizdəki buzların əridiyinin göstəricisidir. Ağ Ev başçısı məktubunda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha qeyd etmişdi. Mayın əvvəllərində ABŞ səfiri Mark Libbinin də Şuşaya səfər etdiyini nəzərə alaraq deyə bilərik ki, Qarabağ məsələsi ABŞ üçün heç bir sual doğurmur. Həm əfirin Şuşaya səfəri, həm də Co Baydenin məktubunda ərazi bütövlüyümüz və suverenliyimizi dəstəkləməklə bağlı fikirləri Qərbin Cənubi Qafqazdakı reallığı qəbul etdiyini deməyə əsas verir. “Azərbaycan Avropada qlobal enerji təhlükəsizliyində sütun rollarından birini oynayır. Azərbaycanın təmiz enerjiyə artan diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Xəzərin potensialı Azərbaycanın gələcəkdə təmiz enerji sahəsində istehsalını ənənəvi enerji istehsalını üstələməyə gətirib çıxara bilər” deyən Baydenin bu fikirləri okeanın o tayında ölkəmizlə bağlı siyasətin yumuşaldığını göstərir. Cənab Bayden açıq mesaj verir ki, Ermənistanla sülh danışıqlarını davam etdirəcəyi halda Ağ ev Azərbaycanı regional lider dövlət kimi qəbul edəcək və onunla əməkdaşlığı gücləndirəcək”.

Politoloq onu da qeyd etdi ki, ABŞ bundan sonra da Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qorusa, Bakı-Vaşinqtion əlaqələri daha da inkişaf edəcək: “Ümumiyyətlə, ABŞ prezidentlərinin Azərbaycan rəhbərliyinə ünvanladıqları məktublarda bir qayda olaraq ikitərəfli münasibətlərə, diplomatik əlaqələrin qurulmasının tarixinə, enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorla mübarizə məsələlərinə toxunulur: "Amma sonuncu məktubda biz yeni və daha ciddi fikirlərə rast gəlirik. İlk dəfədir ki, ABŞ Prezidenti Azərbaycanla bağlı belə yüksək fikirlər səsləndirir. Baydenin məktubu ölkələrimiz arasındakı buzu sındırdı. Gürcüstan və Ermənistanla bağlı gözləntiləri boşa çıxan və məyus olan Vaşinqton Azərbaycan siyasi rəhbərliyinin ardıcıl, sabit, balanslı xarici siyasi kursunu dəstəkləmiş oldu. ABŞ üçün Azərbaycan mühüm ölkədir. Vaşinqton Bakının regionda yaratdığı reallıqları artıq qəbul edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər