Azərbaycanla Ermənistan arasında sülhlə bağlı müxtəlif yanaşmalar var. Bakı tələb etdiyi şərtlərdə haqlıdır. Ermənistan Konstitusiyası mütləq dəyişdirilməlidir. Nikol Paşinyan bunu heç bir əsas gətirmədən daxili işləri hesab edir. Burada məntiq yoxdur. Əgər ərazi iddiası qanun səviyyəsindədirsə bu açıq şəkildə sülhü sabotaj edən yanaşmadır.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, iki ölkə arasında sülhün olmaması heç də faciə deyil:
“II Dünya müharibəsindən sonra Yaponiya Amerika və digər ölkələrlə sülh müqaviləsi imzalasa da keçmiş SSRİ ilə belə bir razılaşma əldə olunmadı. İndiyə kimi də Yaponiya ilə keçmiş SSRİ-nin varisi olan Rusiya arasında sülh müqaviləsi bağlanmayıb. Amma hər iki ölkənin bir-birində səfirliyi fəaliyyət göstərir. Ticarət, idman yarışları davam edir, turistlər səfər edir və s. Hələ ki bu iki ölkə arasında ölümcül heç bir hadisə baş verməyib”.
Politoloq hesab edir ki, Azərbaycanla Ermənistan sülh müqaviləsinə də eyni analogiya ilə yanaşmaq lazımdır:
“Sülh müqaviləsi olmayacaqsa, Ermənistanın Türkiyə ilə sərhədləri açılmayacaq. Bu isə İrəvan üçün ağır zərbədir. Ermənilər çox istəyir ki, Türkiyə ilə sərhədlər açılsın. Digər tərəfdən Azərbaycan sülh üçün konstitusiya dəyişikliyi tələb edir, İrəvanın referenduma getməsi şərti qoyulur. Nikol Paşinyan indiki şəraitdə referenduma getsə, məğlub olub hakimiyyətini itirmək təhlükəsini anlayır. Ona görə də, konstitusiyanı dəyişmək istəmir”.
Zərdüşt Əlizadəyə görə, Ermənistan konstitusiyasında nə yazılmasından asılı olmayaraq onlar heç nə edə bilməz:
“Azərbaycan indi Qafqazda güclü dövlətdir. Sülh olmasa təhlükənin yaranması ilə bağlı səslənən fikirlər də əsassızdır. Erməni tərəfinin son təxribatları isə sadəcə olaraq gərginliyin mövcudluğu haqqında görüntü yaratmaq istəyidir. Hər iki tərəfin yenidən genişmiqyaslı müharibəyə başlamaq niyyəti yoxdur”.