5 İyul 09:05
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Səxavət Məmməd Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalandı. Bu sənədin mahiyyəti nədir, buna geosiyasi istiqamət baxımından Azərbaycanın seçimi kimi baxmaq olarmı?

- 44 günlük müharibədən sonra Azərbaycan yönünü seçməyə başladı. Əslində, bu, Azərbaycanın da seçimi deyildi. Elə bir geosiyasi vəziyyət yaranıb ki, artıq balanslaşdırılmış siyasət aparmaq mümkün deyil. 44 günlük müharibədən sonra Azərbaycan üç ölkə ilə bəyannamə imzalayıb. Bunlar Türkiyə, Rusiya və Çindir. Əslində, hər üç bəyannamə Azərbaycanın bundan sonra hansı cəbhədə yer alacağını açıq şəkildə göstərir.

Pekinlə imzalanan bəyannamədə açıq şəkildə Tayvanın Çinə aid olması qeyd olunub. Əvvəl Azərbaycan tərəfi hansısa formada manevrlər edə bilirdisə, indi açıq şəkildə bu məsələdə Çinin yanında olduğunu bildirdi.

Azərbaycan eyni vaxtda Türk Dövlətləri Təşkilatının da aparıcı üzvüdür, bundan əlavə 3+3 formatı da Bakının dəstəklədiyi bir layihədir. Dolayısı ilə Azərbaycan siyasi kurs olaraq Şərq xəttini götürüb, Qərblə isə yalnız iqtisadi əlaqələr mövcutdur.

- Orta dəhliz məsələsi gündəmdədir. ABŞ-nin Çin və Rusiyanı Cənubi Qafqazdan keçən bu xətdən kənarda saxlamaq üçün aktiv səylərini görürük. Bir neçə gün əvvəl Bakıda olarkən ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayen bunu açıq şəkildə dilə gətirdi. Sizcə, bu məsələ hansı formada həllini tapa bilər və Azərbaycan bu mürəkkəb durumdan necə çıxacaq?

- “Bir Kəmər, Bir Yol” Çinlə İngiltərinin layihəsidir. Çin bu zamana qədər layihə ilə bağlı addımlar atmırdı, ya da gözləmə mövqeyində idi. Ancaq indi görünür ki, Çin layihənin həyata keçirilməsi üçün açıq şəkildə hərəkətə keçib. Hətta Azərbaycanla imzalanan bəyannamədə bununla, daşımalarla bağlı ayrıca bənd var.

Rusiyanı bu layihədən kənarda saxlamaq mümkün deyil. Rusiya Zəngəzur dəhlizində oturmasa belə, Azərbaycandan Rusiyaya yeni yol çəkilib. Rusiya bu layihədən öz payını alacaq. Rusiya şirkətləri də yol üzərindəki azad iqtisadi zonalarda işlər görürlər.

ABŞ və NATO ilk gündən bu layihəyə qarşı çıxır. Hesab edirəm ki, proje ilə bağlı düyün yer Ermənistandan keçən hissədir ki, bu məsələnin həlli üçün addımlar atılacaq. Rusiya dolayı yox, birbaşa təmsil olmaq istəyirsə, gücünü ortaya qoymalı və Ermənistanda əməli iş görməlidir.

- Hazırda görünən budur ki, Ermənistan Orta dəhlizdən kənarda qalır, qoşulması üçün şərt var: Zəngəzur dəhlizini açmaq. Ermənistan bu xəttə qoşulmaq üçün fikrini dəyişəcəkmi?

- Əslində, Ermənistanın bu layihə ilə bağlı fikri müsbətdir. Sadəcə Ermənistana təzyiq edən iki ölkə var - ABŞ və Fransa. Hər iki ölkə Ermənistandan keçən hissədə Rusiyanın olmasını istəmir. Ermənistan da 10 noyabr bəyanatının sonuncu bəndi üzrə öhdəlik götürüb. Ancaq əməl etmək niyyətində deyil. Dediyim kimi, burada hər şey Rusiyadan aslıdır. Rusiya Ermənistanla dil tapmasa, gücdən istifadə edə, yaxud Paşinyanı devirə bilər. Bu, elə bir layihədir ki, Rusiyanın bundan kənarda qalmaq istəyəcəyini düşünmək mümkün deyil. Hətta Rusiya Ermənistanı yox edər, ancaq istədiyini alar.

Hesab edirəm ki, yaxın zamanda Ermənistan Rusiya münasibətlrəində hərəkətlilik görəcəyik.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər