29 İyul 19:35
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, Fransa bir sıra media orqanları kimi, TF1 telekanalı da Azərbaycana, habelə Bakı Təşəbbüs Qrupuna (BTQ) qarşı qərəzli və qeyri-obyektiv reportaj və məqalələr yayaraq izləyiciləri aldatmaqla məşğuldur. Bu, həm də Fransanın kolonializm siyasətinə haqq qazandırmaq, eləcə də bu ölkədən müstəmləkəçilik siyasətindən əl çəkməyi tələb edən Bakı Təşəbbüs Qrupunun və digər vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini qaralamağa hesablanıb. Sözügedən videoreportaj xarici müdaxilə bəhanəsi ilə Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki beynəlxalq hüququn və fundamental insan hüquqlarının kobud pozuntularını ört-basdır etmək cəhdidir.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasovun Fransanın TF1 kanalında efirə getmiş “Xarici müdaxilələr: Azərbaycan Fransada sabitliyi necə pozmağa çalışır” adlı reportaja dair şərhində yer alıb.

A.Abbasov, həmçinin bildirib: “TF1 kanalının redaksiya heyətinə yaxşı bəllidir ki, beynəlxalq qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupu (BTQ) Qoşulmama Hərəkatının 2023-cü ildə Azərbaycanda keçirilmiş nazirlər toplantısı çərçivəsində Fransanın kolonializm siyasətindən əziyyət çəkən xalqların nümayəndələri tərəfindən yaradılıb və təşkilatın İdarə Heyətində məhz Fransa müstəmləkəsindən azad olmağa çalışan xalqların seçdiyi rəsmi şəxslər yer alır.

Əsas missiyası kolonializm və neokolonializm siyasətinin fəsadlarını dünya ictimaiyyətinə çatdırmaq, müstəmləkəçilikdən əziyyət çəkən xalqlara apardıqları ədalətli mübarizədə beynəlxalq hüquq çərçivəsində dəstək göstərilməsindən ibarət olan BTQ-nin bu ay bir illiyi qeyd edilir. Bir il müddətin keçməsinə rəğmən, BTQ tərəfindən BMT-nin qərargahlarında (Nyu-York (2 dəfə), Cenevrə və Vyana), habelə dünyanın müxtəlif ölkələrində 10-dan çox beynəlxalq konfrans təşkil edilib, tədbirlərin yekununda iştirakçılar tərəfindən Fransanın dövlət başçısına, beynəlxalq təşkilatların rəhbər şəxslərinə rəsmi Paris tərəfindən törədilən kolonial və neokolonial cinayətlər haqqında məlumatlar təqdim olunub, müvafiq petisiyalara start verilib.

Bu xüsusda, cari ilin mayında Yeni Kaledoniyada baş vermiş iğtişaşlarda BTQ-nin rolunun vurğulanmasının əvəzinə, Fransa hökumətinin yerli kanak xalqının 2021-ci il referendumunun nəticələrinin ləğvi və səsvermə hüququna malik olan şəxslərin sayının qeyri-qanuni, məqsədli şəkildə çoxaldılmasının dayandırılması ilə bağlı yerli xalqın tələblərinə məhəl qoyulmamasına diqqətin cəlb edilməsi yaxşı olardı.

Bizim mübarizəmiz konkret bir ölkəyə və ya hökumətə qarşı deyil, insanları öz müqəddəratını təyinetmə hüququndan və azadlığından məhrum edən müstəmləkə sisteminə qarşıdır. Biz istismar, təzyiq olmadan qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan beynəlxalq münasibətlərin mümkünlüyünə inanırıq.

BTQ-ni 14 min kilometr uzaqda iş aparmaqda ittiham edən Fransa mediası öz hökumətinə sual verə bilər ki, Fransadan 17 min kilometr uzaqda yerləşən bu ərazilərin bu ölkəyə nə aidiyyəti var?

TF1 telekanalının BTQ-nin fəaliyyətinə qarşı qərəzli mövqeyinin kökündə TF1 Qrupun Ara Aprikiyan kimi erməniəsilli şəxslər tərəfindən idarə olunması faktı durur. Qeyd edək ki, jurnalistika etikasını kobud şəkildə pozmağa vərdiş edən fransız mediası bu dəfə də reportaj hazırlayarkən BTQ ilə əlaqə saxlamayıb, mövqeyimizi sorğu etməyib.

BTQ heç bir ölkənin daxili işlərinə qarışmır və fəaliyyətini beynəlxalq normalar çərçivəsində qurur. Təşkilatımız müstəmləkəçilik siyasətindən zərər çəkən xalqların öz azadlıqlarından və hüquqlarından tam istifadə edə biləcəkləri bir dünya naminə mübarizəni bundan sonra da davam etdirəcəkdir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər