Avqustun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında Olimpiya çempionu olmuş azərbaycanlı cüdoçu Zelim Kotsoyevə zəng ediblər.
Teleqraf.com xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Olimpiadanın qızıl medalını qazanması münasibətilə Zelim Kotsoyevi təbrik edib, ona gələcəkdə də yeni uğurlar arzulayıblar. Dövlətimizin başçısı Azərbaycan idmançılarının Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk dəfə iki Olimpiya qızıl medalını qazandıqlarını qeyd edərək bu münasibətlə təbriklərini eyni zamanda komandanın məşqçilərinə və Cüdo Federasiyasının rəhbərliyinə çatdırıb.
Telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlığını bildirən Zelim Kotsoyev öz qələbəsi ilə Azərbaycan Bayrağını ucaltmaqdan və Himnimizi səsləndirməkdən fəxr hissi keçirdiyini deyib. O, yeni qələbələr qazanmaq üçün bundan sonra da bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.