Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu gün baş tutan telefon danışığının bəzi təfərrüatlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, açıqlamada liderlər arasında Ermənistandan keçən nəqliyyat yollarının (Zəngəzur dəhlizi) açılması məsələsinin də müzakirə olunduğu bildirilir.
“Vladimir Putinin Bakıya dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqlar nəzərə alınmaqla, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı müzakirələr davam etdirilib. Rusiya tərəfinin Ermənistan-Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin təşviqində, habelə nəqliyyat və logistika kommunikasiyalarının blokadadan çıxarılmasında yardım göstərməyə davam etməyə hazır olduğu təsdiqlənib”, - Rusiya liderinin mətbuat xidməti qeyd edir.
İkitərəfli gündəliyə dair fikir mübadiləsi zamanı ticari-iqtisadi qarşılıqlı fəaliyyətin müsbət dinamikası xüsusilə qeyd olunub. Əlaqələrin davam etdirilməsi razılaşdırılıb.
Rusiya prezidentinin Azərbaycana ikigünlük dövlət səfəri avqustun 18-19-da baş tutub. Putin-Əliyev görüşünün mövzuları arasında Ermənistan-Azərbaycan nizamlanması da olub.
Putin Bakıda Cənubi Qafqazda davamlı sülhün regionun bütün xalqlarının maraqlarına cavab verdiyini və Rusiyanın buna hər cür töhfə verəcəyini vurğulayıb. Rusiya prezidenti qeyd edib ki, Moskva həmçinin İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına, o cümlədən sərhədin delimitasiyası və demarkasiyasına kömək etməyə hazırdır.
Həmçinin Putin Azərbaycanda olarkən bildirmişdi ki, səfərdən sonra Ermənistanın baş naziri ilə əlaqə saxlayacaq və Bakıda aparılan danışıqların nəticələri barədə ona məlumat verəcək.