28 Avqust 09:05
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi ekspert, ordumuzun ehtiyatda olan polkovniki Üzeyir Cəfərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistanın silahlandırılması, Zəngəzur dəhlizi ilə bağlı Rusiyadan Ermənistana artan təzyiq, İrandan İrəvana yönəlik dəstək mesajları və addımları, sülh prosesi ilə bağlı ermənilərin yaratdığı əngəllər – bütün bunlar nədən xəbər verir? Kifayət qədər mürəkkəbmiş kimi görünən bu durum prosesi hara aparır, vəziyyət niyə yenidən gərginləşir?

- Uzun müddətdir Ermənistanın silahlandırılması mətbuatda müzakirə olunur. Artıq ABŞ-ın Azərbaycandakı səfirliyi bir açıqlama verib ki, Ermənistana öldürücü silahlar vermirlər. Yəni demək istəyirlər ki, silahlar verirlər, amma bunlar öldürücü və dağıdıcı deyil. Bir az qəribə səslənir. Biz dəfələrlə müraciət eləmişik ki, ABŞ Ermənistanın revanşist xülyalarla yaşadığını nəzərə alsın və ora silah-sursat ötürməsin. Amma təəssüf ki, əksini gördük. Təkcə ABŞ yox, Fransa da silahlandırır, bəzi hallarda Rusiyanın özü də. Hələ də Rusiya və Ermənistan arasında silah alışına dair anlaşma var. Artıq bu anlaşma çərçivəsində ötən il Ermənistana müəyyən silahlar verilib.

Bütün bunlar regionda vəziyyətin gərginləşməsinə gətirib çıxarır. Bu dövlətlər Azərbaycan və Ermənistan arasında etibarlı sülh müqaviləsinin imzalanması üçün atdığı addımlardan çəkinməlidirlər. Amma təəssüf ki, bir neçə gündür “Zvartnots” hava limanına hərbi yük təyyarələrinin endiyini müşahidə edirik. Əslində, Amerikadan İrəvana gələn hərbi yük təyyarələri İranla bağlı ola bilər. Amerika həmçinin Ermənistanı Rusiyadan qoparmaq üçün bu addımları atır.

ABŞ-la yanaşı, Hindistan, Yunanıstan, Fransa, İran və digərlərinin Ermənistana hərbi dəstəklərinə gəlincə, bu, gələcəkdə Cənubi Qafqazda gərginliyin bir qədər də artacağına işarədir. Arzuolunmaz vəziyyətdir. Biz diplomatik formada bu proseslərə təsir göstərməyə çalışırıq, çağırışlar edirik, amma biz bunları etdikcə, yenə də görürük ki, həmin dövlətlər Ermənistana silah-sursat daşımaqda israrlıdırlar və davam edirlər.

- Görünən budur ki, Qərblə Rusiya arasında Zəngəzur dəhlizi ilə bağlı kəskin fikir ayrılığı var. Bu qarşıdurma Ermənistana nə vəd edir, bu durum Azərbaycanı təxribata çəkmək vasitəsi kimi istifadə oluna bilərmi?

- Cəhdlər var. Açıq şəkildə görürük ki, Azərbaycanı Zəngəzur dəhlizi ilə bağlı sərt addımlar atmağa sövq etməyə çalışırlar. Amma Azərbaycan bunu görür və bu təxribata getmir. Bəli, bəzi dövlətlər Azərbaycanı təhrik etmək istəyirlər.

Zəngəzur dəhlizinin açılmamasının əsas səbəbi Ermənistanla Rusiya arasında olan fikir ayrılığıdır. Ermənistan bu məsələdə Rusiyanın vasitəçiliyindən imtina edir. Görünən budur ki, Ermənistan və havadarları Rusiyanı bu prosesdə görmək istəmirlər, tərəflər arasında çox böyük və getdikcə dərinləşən uçurum var. Hətta Sergey Lavrov Bakıda olarkən ilk dəfə açıq şəkildə dedi ki, Ermənistan məsələ ilə əlaqədar əldə edilmiş üçtərəfli anlaşamanın şərtlərini pozur. Əgər bu, Rusiya tərəfindən ən yüksək səviyyədə bəyan edilirsə, demək, ölkələr arasındakı gərginlik davam edir. Aradakı fikir ayrılığı və bəzi dövlətlərin də bundan yararlanması, prosesi uzadır.

Azərbaycan və Ermənistana gəlincə, tərəflər dəhlizin açılmasının sonraya saxlanılması barədə razılaşıblar. Amma bu, sonsuza qədər davam edə bilməz. Çünki biz Naxçıvana maneəsiz gediş-gəlişi, yüklər və sərnişinlərin sərbəst hərəkətini təmin etməliyik. Amma bu proses uzanır, bunun da əsas səbəbi, dediyim kimi, Ermənistanla Rusiya arasındakı fikir ayrılığıdır. Bu da dəhlizə nəzarət məsələsindən irəli gəlir.

Mən Azərbaycanla Ermənistanın rahat buraxılmasının tərəfdarıyam. Çünki bəzi dövlətlər məsələlərin üstünə gələndə öz maraqlarından çıxış edirlər, bu da prosesi uzadır. Bir ara mane olmadılar, nəticədə dörd kəndimizi geri qaytardıq, sərhədin bir hissəsində də rahat şəkildə delimitasiya və demarkasiya apardıq. Amma indi yenə də prosesi yubadırlar, bu da bizi razı sala bilməz. Mən məsələnin tez bir zamanda həllinin tərəfdarıyam.

- İranın İrəvandakı səfiri Mehdi Sübhani bir müddət əvvəl açıq şəkildə etiraf etmişdi ki, Tehran Azərbaycanla Ermənistan arasında “hərbi balans”ın olmasını istəyir. Əslində, Ermənistanın Azərbaycana qarşı güclənməsini... Hər halda Azərbaycan da boş dayanmır, öz ordusunu gücləndirir. İndiki durumu Ermənistana belə bir balansı yaratmağa imkan verirmi?

- İranın nə deməsindən asılı olmayaraq, Ermənistan innən belə illərlə çalışsa da, Azərbaycanın gücünə çatmağa imkanı olmayacaq. Həm silah-sursatın keyfiyyəti və müasir standartlara uyğunluğuna, həm canlı qüvvə, həm digər istiqamətlər baxımından Ermənistandan böyük məsafə ilə irəlidəyik. İran “hərbi balans” deyəndə nə düşünürsə, özü bilər, amma biz niyə hərbi balansı qoruyub-saxlamalıyıq? Mən normal qonşuluğun tərəfdarıyam, amma təəssüf ki, Ermənistan bu yolu seçməyib. Buna görə də, tərəflər arasında gərginlik və silahlanma hələ davam edəcək.

Həmin dövlətlər Ermənistanı silahlandırmaq əvəzinə ona deməlidirlər ki, Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndlərini qaytarsın, sülh müqaviləsini imzalasın və referendumla bağlı məsələni uzatmasın. Amma biz bunları yox, heç nə kəsb etməyən bəyantlarını görürük, bununla da işlərini bitmiş hesab edirlər. Amma Ermənistan yaxın illərdə başa düşəcək ki, Azərbaycan və Türkiyə ilə münasibətlərini qaydasına salmalıdır, konstitusiyasından ərazi iddialarını çıxarmalıdır və normal yaşamaq üçün addımlar atmalıdır. Hələlik bunları bir qədər ləngimiş formada görürük, Ermənistan öz məsuliyyətini dərk etməli və konkret addımlar atmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər