2 Sentyabr 14:18
2 918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycan Konstitusiyasında Ermənistandan ərazi tələbi ilə bağlı heç müddəanın olmamasına baxmayaraq, Nikol Paşinyanın növbəti dəfə bu məsələyə toxunması nəyəsə hesablanıb?

- Burada heç bir məntiq yoxdur. Sadəcə olaraq Ermənistan mümkün qədər həmin məsələdən boyun qaçırmağa çalışır. Fakt odur ki, Ermənistan Konstitusiyasında və digər qanunverici aktlarında Azərbaycana qarşı açıq ərazi iddiaları yer alıb. İndi də erməni tərəfi əsassız olaraq iddia edir ki, guya Azərbaycan Konstitusiyasında da Ermənistandan ərazi tələbələri var.

- Qarşı tərəfin iddia etdiyi məsələ əslində nədən ibarətdir?

- Sözsüz ki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiasına istinad edən müddəa yoxdur. Sadəcə olaraq ölkə Konstutisiyasında fərqli bir məsələ mövcuddur. Ölkə Konstitusiyasında Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi təsbit edilib. Ona görə də, burada ərazi iddiaları mövcud deyil.

- Ermənistan siyasi rəhbərliyi ilk dəfə olaraq Azərbaycanın tarixi ərazilərinin adlarını bir-bir qeyd etdi. İndiki məqamda bu mövzunun gündəmə gəlməsi Zəngəzur dəhlizinin açılması amilinə yönəldiyini də iddia edirlər. Belə bir məntiq varmı?

- Keçmiş sovet dövründə Ermənistana verilən ərazilər Azərbaycan tərəfindən qəbul edilmir. Belə bir məntiq mövcuddur. Amma bu heç də ərazi iddiaları deyil. Erməni tərəfi 1989-cu ildən etibarən keçmiş sovet sərhədlərini qüvvədən düşmüş hesab edib. Məhz bunun davamı olaraq erməni tərəfi rəsmi olaraq Qarabağı özlərinə birləşdirib.

- Sərhədlə bağlı Ermənistanın əsası iddiası nədir?

- İki ölkə arasında sərhəd yoxdur. Sərhədlərin müəyyən olunması prinsipləri fərqlidir. Ermənistan keçmiş sovet ittifaqı dağıldıqdan sonra mövcud olan sonuncu xəritələri təqdim edir. Burada isə erməni tərəfinin torpaq iddiaları əks edilib. Əslində onların əsas məqsədləri də məhz budur.

- Azərbaycanın əsas tələbində hansı şərtlər var?

- Almata razılaşması qəbul edilərkən Azərbaycan bəyan edib ki, keçmiş sovet dövründə mövcud olan administrativ sərhədlər delimitasiya və demarkasiya üçün əsas ola bilər.

- Tərəflər arasında bu kimi anlaşılmazlıqlar fonunda yeni hərbi eskalasiyanın olacağı gündəmə gətirilir. Belə təhlükə varmı?

- Ermənistan həmişə təxribatlardan bir növ “taktiki gediş” kimi geniş istifadə edib. Hazırda isə gərginliyi pik həddə çatdırmaqda məqsəd odur ki, bölgəyə mümkün qədər daha çox diqqəti cəlb etmək mümkün olsun. Ola bilsin ki, Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfəri ərəfəsində bu mövzunu daha çox gündəmdə saxlamağa çalışsınlar.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər