Ədalət, Hüquq, Demokratiya Partiyası (ƏHD) Azərbaycan Respublikası Prezidentinin Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncamını alqışlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə ƏHD Partiyasının yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpasına aparan yolun təməli mərhum Prezident Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində reallığa çevrilən “Əsrin müqaviləsi” ilə qoyulub. Partiya hesab edir ki, “Əsrin müqaviləsi” mühüm iqtisadi faktor olmaqla yanaşı, həm də ölkəmizin dövlət müstəqilliyinin möhkəmlənməsinə, regionda sabitliyin bərqərar olunmasına xidmət edən olduqca önəmli siyasi hadisə kimi qiymətləndirilməlidir: “Dünyanın ən müxtəlif qütblərini təmsil edən güc mərkəzlərinin transmilli şirkətlərinin “Əsrin müqaviləsi”ndə yer alması, Azərbaycanın regional və qlobal proseslərin ön sırasına çıxmasına, milli maraqlarımızın təmin edilməsi istiqamətində ardıcıl nəticələr əldə etməsinə, ölkəmizin iqtisadi gücünün artmasına, ordu quruculuğu sahəsində ciddi və nəticəyönümlü addımların atılmasına zəmin yaratdı və ötən zaman kəsiyi dövlətimizin yaranmış fürsətlərdən uğurla istifadə etdiyini sübuta yetirir”.
ƏHD Partiyası Azərbaycan ərazilərində separatizmə son qoyulmasını, dövlət suverenliyimizin bərpasını xalqımızın və dövlətimizin tarixində yer alan mühüm tarixi hadisələrdən biri kimi dəyərləndirir və Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edir.