İran-Azərbaycan münasibətlərinin normallaşmasına hansısa üçüncü dövlət mane olmur, mane olanlar Tehranın içindədir
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert İranın siyasi liderinin Azərbaycanla bağlı son açıqlamasını belə şərh edib:
“İran Prezidenti Məsud Pezeşkian Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə Tehrandakı görüşündə maraqlı fikirlər səsləndirib. Birincisi, Pezeşkian söyləyib ki, Azərbaycan qədər İrana yaxın olan ikinci ölkə yoxdur. “Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir və biz Azərbaycanla daha yaxın olmalıyıq”, deyən İran prezidenti Azərbaycanla daha böyük işlər görməyin vacibliyini vurğulayıb. Buna baxmayaraq, Pezeşkian Tehranın “ənənəsini” pozmayaraq “düşmənlərin bizim münasibətlərə mane olmasına əsla imkan verməməliyik” fikrini səsləndirməyi də unutmayıb.
İki ölkə arasında münasibətlərin normallaşmasına hansısa üçüncü dövlət mane olmur, mane olanlar İranın içindədir. Bunu Pezeşkian da bilməmiş deyil. Təsadüfi deyil ki, İran prezidentinin sonrakı cümləsi bunun etirafıdır: “Biz Azərbaycanla olan bəzi anlaşılmazlıqları və problemləri anlayırıq və dərk edirik. Hesab edirəm ki, burada bizim də bəzi səhvlərimiz olub”.
Önəmli olan Pezeşkianın Azərbaycana qarşı yanlış siyasət yürüdənləri bu yoldan çəkindirməkdir. İran prezidentinin bunu bacarıb-bacarmayacağını yaxın aylarda görəcəyik”.