20 Oktyabr 09:36
253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Zəngilanın müzəffər Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad olunmasından 4 il ötür. Cənab Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunur. Sərəncama əsasən, “20 oktyabr – Zəngilan şəhəri günü” elan edilib.

Bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, biz 44 gün ərzində ərazi bütövlüyümüzü, suverliyimizi, ədaləti və milli ləyaqətimizi bərpa etdik:

“Bu gün işğaldan azad olunmuş bütün kənd və şəhərlərimiz sanki yenidən doğulur, yenidən yaranır. Uzun illər erməni işğalına, erməni terroruna məruz qalan torpaqlarımızı öz gücümüzlə yenidən qururuq. Qarabağa, Şərqi Zəngəzura “Böyük Qayıdış” məhz Zəngilandan başlamışdır. Zəngilan rayonunun yeni inkişaf dövrü "Böyük Qayıdış" layihəsinin ən mühüm tərkib hissəsidir. İşğaldan azad edildikdən sonra burada aparılan bərpa və quruculuq işləri təkcə yenidənqurma deyil, tarixi və mədəni irsimizin bərpasını da əhatə edir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Zəngilan yeni bir dövrə qədəm qoyur – bu, ölkəmizin gələcək inkişafını təmin edəcək böyük bir transformasiyadır. Ağalı kəndinin inşası ilə Zəngilan Azərbaycanın "ağıllı kənd" konsepsiyasının təməlini qoyub. Bu kənd, müasir texnologiyalar və "yaşıl enerji"nin geniş tətbiqi ilə seçilir, vətəndaşların həyatını daha rahat və davamlı edən ilk pilot layihədir.

Eyni zamanda, Zəngilanın geniş potensialı təkcə yaşayışla məhdudlaşmır. Burada həyata keçirilən "Dost Aqropark" layihəsi, Azərbaycanın qida təhlükəsizliyinə böyük töhfələr verəcəkdir, kənd təsərrüfatının sürətli inkişafını təmin edəcək. Bundan əlavə, Zəngilan Azərbaycanın nəqliyyat və logistika mərkəzinə çevrilir. Zəngəzur dəhlizinin açılması, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun tikintisi, Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi – bunlar hamısı bölgənin strateji əhəmiyyətini daha da artırır. Bu infrastruktur layihələri Naxçıvanın blokadadan çıxarılması və regionda yeni iqtisadi əlaqələrin qurulmasına şərait yaradacaq”.

Hicran Hüseynova bildirib ki, iki il əvvəl qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı Azərbaycanın iqtisadi gücünü bütün dünyaya nümayiş etdirdi:

“Bu, həm də ölkəmizin böyük nailiyyətlərə imza atmağa qadir olduğunu bir daha sübut etdi. Zəngilan artıq ölkəmizin mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilir. Zəngilan həm də milli-mənəvi dəyərlərin dirçəldildiyi bir yerdir. İşğal dövründə ermənilər tərəfindən dağıdılan Zəngilan məscidinin Heydər Əliyev Fondu tərəfindən bərpası, bu torpaqlara qayıdışımızın dərin mənəvi anlamını göstərir. Bu qürurlu günləri bizə bəxş edən şəhidlərimizin ruhu şad olsun. Onların fədakarlığı sayəsində bu gün qələbənin şirinliyini yaşayırıq. Qazilərimizə isə tezliklə şəfa tapmalarını arzulayırıq. Zəngilan şəhərinin gününün təsis edilməsi isə işğaldan azad olunmuş torpaqların dövlətin prioriteti olduğunu bir daha sübut edir. 20 oktyabr tarixi, artıq hər il Azərbaycan xalqı üçün qürur günü kimi qeyd ediləcəkdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər