12:38
229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı bir çox məqamları üzə çıxartdı, eləcə də indiyə qədər ortaya çıxan nüans və detalları təsdiqlədi. Bu hesabat Rusiyanın üzünə söylənmiş ittiham aktıdır. Bu hesabat maddi sübutlar, şahid ifadələri və ən müxtəlif texnoloji informasiyaların təhlil edilməsi sayəsində aşkarlanan, peşəkarların hazırladığı bir sənəddir. Ona görə də ilkin hesabatın üzərində ibarəbazlığa, söz oyunbazlığına, cümləpərdazlığa baş vurmaq Rusiyaya başucalığı gətirmir. Təqdim edilən hesabata baxmayaraq, Rusiya tərəfi, “Rosaviasiya” və digər qurumlar əsassız açıqlamalarla çıxış edir, ortaya qoyulan sübutları görməməzliyə vururlar. Min dərədən su gətirməklə sudan quru çıxmaq isə fizikanın və mənəviyyatın qanunlarına ziddir.

Təqdim olunan hesabat bir neçə məqamı üzə çıxarıb. Ancaq ən əhəmiyyətli nüans təyyarədəki deşik zədələri xarici obyektlərin hava gəmisinin konstruksiyasına daxil olması məqamıdır. Bu da təyyarənin vurulduğunu təkzibolunmaz şəkildə sübuta yetirir.

Azərbaycan Prezidenti İlham Əliyev ötən il dekabrın 29-da dövlət televiziyasına verdiyi müsahibədə qəzanın araşdırılmasından danışarkən belə demişdi: “Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi”.

Dövlət başçısının gümanı haqlı çıxdı. Belə ki, Rusiya tərəfi obyektiv bir hesabat təqdim etməyəcək, faktları saxtalaşdıracaq, ən yaxşı halda isə hesabatın hazırlanmasını bizə rus ədəbiyyatından yaxşı tanış olan ənənəvi rus bürokratiyası və süründürməçiliyi ilə uzadacaq və son nəticədə cinayətin üstünü ört-basdır edəcəkdi. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyindən sonra Rusiya qəzanın təhqiqatına buraxılmadı. Belə olanda isə Rusiya Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatı elan olunduqdan sonra öz qeyri-obyektiv, heç bir hüquqi və mənəvi prinsipə əsaslanmayan, dostluq və müttəfiq münasibətlərinə uyğun gəlməyən mövqeyini nümayiş etdirdi.

Bu məqamda yaxın tarixdə baş vermiş bir hadisəni xatırlatmaq gərəkdir. 2020-ci il yanvarın 8-də İranın İmam Xomeyni aeroportu yaxınlığında “Ukrayna İnternational Airlines”a məxsus olan təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğramış və 176 sərnişin həlak olmuşdu. Bütün oxlar İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) hava hücumundan müdafiə sistemlərini göstərirdi. Ancaq ordu və Ali Dini rəhbərlik hadisənin ört-bas olunmasına çalışır, günahı üçüncü ölkələrin üstünə yıxmağa cəhd göstərirdi. Əks mövqedə dayanan Prezident Həsən Ruhani İranın öz günahını etiraf edərək məsuliyyəti boynuna götürməyi tələb edirdi. Onun bu mövqeyi maneələrlə qarşılaşdı. Ruhani isə açıq şəkildə qətiyyətlə öz mövqeyini müdafiə etdi. Əks halda prezident vəzifəsindən istefa verəcəyini bildirirək hərbi və dini rəhbərliyə ultimatum verdi. Nəticədə prezident qalib gəldi, İran üzr istədi, təyyarə qəzasında ölənlərin ailələrinə təzminat ödədi. Təyyarənin vurulmasında günahı sübuta yetirilən 10 hərbçi cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırıldı. İranın eks-prezidentinin bu mövqeyi Rusiya tərəfi üçün dərs olmalıdır. Axı nə də olsa, onlar qədim tarixə malik qüdrətli dövlət olduqlarını düşünürlər. Qədim dövlətçilik ənənəsi ilk növbədə obyektivlik, dürüstlük və siyasi əxlaq tələb edir.

Məlum olur ki, Rusiyanın hərbi və siyasi rəhbərliyi Azərbaycanın bütün xoş niyyətinə, açıq dialoq siyasətinə baxmayaraq, bu xoş niyyəti istismar edir, Azərbaycanın Rusiya ucqarında olan bir əyalət olduğunu düşünür və rəsmi Bakının haqlı hüquqi və mənəvi tələblərini qulaqardına vurur. Bu siyasətin yaxın və uzaq planda Rusiyanın ziyanına işləyəcəyi də məlumdur. Çünki Azərbaycan müstəqil şəkildə siyasət apara bilən, heç bir xarici qüvvənin tələblərinə boyun əyməyən suveren bir dövlətdir. İndi 1920-ci ilin 28 apreli deyil. Heç 1990-cı ilin yanvarı da deyil. İndi 2025-ci ildir. Azərbaycan öz suverenliyini tam bərpa edərək regionun qüdrətli dövlətinə çevrilir, Rusiya isə Kurskda öz suverenliyini bərpa etməyə can atır.

Rəsmi Bakının tələbləri isə son dərəcə aydın və aşkardır. Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir, öz günahını etiraf etməli və günahkarları cəzalandırmalıdır, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Prezident İlham Əliyev tərəfindən bu şərtlərin elan olunmasından 6 həftə keçsə və qəza barədə hesabat elan olunsa belə, Rusiya bu tələbləri yerinə yetirməyə tələsmir...

Rusiyanın Azərbaycanın tələblərini ödəmədiyi təqdirdə rəsmi Bakının da öz kartları var. Azərbaycan tərəfinin əlində “Pantsir-S” raketlərinin hissələri mövcuddur. Rəsmi sübutlar, maddi dəlillər məsələnin beynəlxalq məhkəmələrdə uğurlu perspektivinin açarıdır. Bütün dəlillər təkzibolunmaz şəkildə Rusiyanı göstərir. Azərbaycan öz cavab addımlarını atmağa hazırdır. Bu addımlar Rusiya üçün heç də xoş aqibət vəd etmir...


Müəllif: Qan Turalı

Oxşar xəbərlər