“Məlumat bizə gecə daxil oldu, səhəri gözləmədən futbolçuları klubdan qovduq. Ertəsi gün bu mövzuda əlimizdəki bütün məlumatları və sübutları AFFA-ya təqdim etdik”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Premyer Liqasında iştirak edən “Şamaxı”nın baş meneceri Kamran İsmayılov AFFA İntizam Komitəsinin yanvarın 30-da verdiyi qərara əsasən Adil Nağıyevin ömürlük futboldan uzaqlaşdırılmasına münasibət bildirərkən deyib.
O, danışılmış oyunlarda iştirakına görə futboldan ömürlük kənarlaşdırılan komandanın sabiq futbolçusu barədə detalları açıqlayıb: “AFFA-nın hansı oyunlara nəzərən belə qərar qəbul etdiyini açıqlaya bilmərəm. Bizdə təsdiq var idi. Nəinki araşdırmalara kömək etmişik, hətta bu məsələni biz qaldırmışıq. Yəni, məlumat bizə daxil oldu və həmin gün buna əsasən daxili araşdırma keçirdik. Bu zaman bizə kifayət edəcək sübut ortaya çıxdı. Biz bu məsələni qaldıranda nə AFFA-nın, nə də başqa bir nəfərin xəbəri var idi. Olub ki, araşdırmaların gedişində bizə müraciət edilib, özümüz əlimizdən gələn köməyi etmişik. Futbolçu idman prinsiplərini pozdu, layiqli cəzasını da aldı”.
İsmayılov Nağıyevlə bərabər komandadan uzaqlaşdırılan digər futbolçu Giorgi Kantariyaya dair məsələyə də toxunub: “AFFA-nın Kantariya barəsində araşdırmaları davam edir. Buna görə hələ geniş açıqlama verə bilməyəcəyik. Adil barəsində isə belə faktların olduğunu bildikdən sonra əlimizdə olan bütün sübutları AFFA-ya təqdim etdik və araşdırma başlanıldı. Bu ərəfədə, lazım olarsa, gələcəkdə də milli assosiasiyanın əlavə hansısa sualına, sənədlərin toplanmasına kömək edəcəyik. Bizə görə, nəinki “Şamaxı”, ümumiyyətlə, futbol təmiz olmalıdır. Bunun qarşısında duran hansısa insanlar da cəzasını almalıdır”.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına görə, Azərbaycan Premyer Liqasında son klubu “Şamaxı” olan Adil Nağıyev danışılmış oyunlarda iştirakına görə, futbolla əlaqəli hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan ömürlük məhrum edilib. Giorgi Kantariya barədə isə araşdırmalar davam edir.