17:33
203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda qatarlardan birinin kamerasından su sızması ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, yaşıl xətdə 44 saylı marşrut üzrə hərəkət edən qatar saat 12:00-da “Nərimanov” elektrik deposunun qataryuma sahəsində plana uyğun qaydada su şırnağı ilə təmizləndikdən sonra texniki baxış keçirilərək, xəttə buraxılıb.

Həmin qatarın sərnişin salonunun tavan hissəsindən axıntı barədə məlumat daxil olub. Dərhal müvafiq texniki araşdırmaya başlanılması barədə göstəriş verilib. Qısa müddətdən sonra axıntının dayanması müşahidə edilib.

İlkin araşdırmaya görə, yuma prosesində vaqonun ban hissəsindəki qovşaqlarda su qalığı formalaşıb. Su qalıqlarının drenaj sistemi ilə xaric olunması isə tam baş tutmayıb. Bununla belə, texniki araşdırmanın elektrik deposu şəraitində davam etdirilməsi qərara alınıb. Qatar hərəkət qrafiki pozulmadan və interval qorunmaqla xətdən çıxarılıb, əvəzinə xəttə qatar verilib.

Qeyd edək ki, bu gün günorta radələrində metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarlardan birində müşahidə kamerasından vaqona su tökülməyə başlayıb və bu hal sərnişinləri narahat edib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər