Zəngəzur dəhlizinin açılması üçün yeni fürsətlər yaranıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Radio France Internationale”nin (RFI) təhlilində deyilir.
Fransa radiosu bildirir ki, Zəngəzur layihəsinin əsasını Azərbaycanı Türkiyə ilə birləşdirəcək marşrutun yaradılması təşkil edir:
“Ermənistan ərazisindən (Zəngəzur) keçəcək dəhliz Çin və Avropa arasında ticarət yolunun inkişafı ilə bağlı Türkiyə və Azərbaycanın baxışının bir hissəsidir. İran 40 kilometrlik dəhlizin əleyhinədir. Çünki Tehran bu dəhlizin İranın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi mühüm marşrutu kəsəcəyindən ehtiyat edir. İranın müttəfiqi Ermənistan da dəhlizə qarşı çıxır”.
Bununla belə, mənbə vurğulayır ki, Suriya və Livandakı uğursuzluqları fonunda İranın çətin durumla üzləşməsi Tehranın dəhlizlə bağlı mövqeyinə də təsir göstərib:
“Türkiyəli analitik Attila Yeşilada deyir ki, zəifləmiş İran Qafqazda Türkiyə üçün böyük fürsətdir: “Ermənistanın Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərməsinin yeganə səbəbi İranın onu hərbi yolla müdafiə etmək vədləridir”.
Yeşiladanın sözlərinə görə, Azərbaycan və Türkiyə çətin ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının təzyiqi altında olan İranın təhdidlərini ciddi qəbul etsin”.
Materialda qeyd olunur ki, regional uğursuzluqlar və artan təzyiqlər fonunda İran yanvardan mövqeyini yumşaltmağa başlayıb: “Yüksək səviyyəli bir iranlı diplomat söyləyib ki, Zəngəzur dəhlizinə qarşı çıxmaq artıq (Tehran üçün) prioritet deyil”.
Mənbənin fikrincə, beynəlxalq sanksiyalar fonunda yeni ticarət yolları axtaran Rusiya da Zəngəzur dəhlizi ideyasını dəstəkləyir .
“Bütün bunlarla yanaşı, Trampın yeni administrasiyası hələ də dəhliz layihəsi ilə bağlı qərar verməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trampla sıx əlaqələr qurmağa çalışır. Həmçinin Türkiyə lideri ölkələrinin Avropa ilə Çin arasında körpüyə çevrilməsi üçün ümumi məqsəd çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevə dəstək verir”, - Fransa radiosu bildirir.