Biz dünya ictimaiyyətinə Qarabağ həqiqətlərini çatdırmağa çalışırıq.
Bunu Teleqraf.com-un sualına cavab olaraq Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
"Bəzi ölkələr Azərbaycanın Qarabağ münaqişəsini niyə diplomatik yollarla həll etmədiyini sual edir. Lakin Azərbaycan 30 il ərzində məhz bu yolu seçmiş, beynəlxalq hüquq çərçivəsində sülh danışıqlarına üstünlük vermişdir. Təəssüf ki, bu müddət ərzində Ermənistan BMT-nin qətnaməsinə məhəl qoymayıb, işğalçı siyasətini davam etdirib və Azərbaycan torpaqlarını qeyri-qanuni şəkildə nəzarətdə saxlayıb.
Azərbaycan, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, beynəlxalq hüququn verdiyi legitim müdafiə haqqından istifadə edərək öz torpaqlarını işğaldan azad edib. Bu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün atdığı qanuni və zəruri bir addım idi.
Biz dünya ictimaiyyətinə bu münaqişənin həqiqətlərini çatdırmağa çalışırıq. "Erməni millətçi irredentizmi və Qarabağ müharibələri" kitabı, erməni tərəfinin 1980-ci illərdən bu günə qədər apardığı dezinformasiyanı və tarixi saxtakarlıqları üzə çıxarır. Bu kitab, Ermənistanın irredentist siyasətini, onların Qarabağ və ətraf ərazilərlə bağlı əsassız iddialarını tarixi və hüquqi faktlarla ifşa edir. Mütləq ki, biz bu kitabı ingilis dilində nəşr edəcəyik",- o qeyd edib.