"Azərbaycanda uzun illərdir minatəmizləmə prosesi həyata keçirilsə də, müvafiq sahə üzrə qanun yeni qəbul edildi. Burada həmin şəxslərin statusu, mina qurbanlarına yardım və maarifləndirmə məsələləri öz əksini tapıb".
Bu sözəri Teleqraf.com-a açıqlamasında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov "Minatəmizləmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu"nu şərh edərkən bildirib.
Onun sözlərinə görə, dünyada ən son qəbul edilmiş mütərəqqi ideyalar Azərbaycanın minatəmizləmə prosesində tətbiq olunur:
"Azərbaycan Respubliaksının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvü kimi, qanun qəbul olunmazdan əvvəl biz də təkliflərimizi təqdim etmişdik. Onlardan bəziləri nəzərə alınaraq qəbul edildi. Bu qanunda bütün məsələlər nəticə etibarı ilə işğaldan azad olunmuş ərazilərin qısa müddət ərzində minalardan təmizlənməsini nəzərdə tutub".
Ekspert vurğulayıb ki, minatəmizləmə zamanı həlak olanlara şəhid statusunun verilməsinin tərafdarıdır:
"Mina təmizləyərkən həlak olanlara şəhid, yaralananlara isə qazi statusu verilməlidir. Məncə, ermənilərin atdığı güllədən həlak olanla, minatəmizləmə zamanı həyatını itirənlər arasında fərq qoyulmamalıdır. Təşkilat rəhbəri kimi hər zaman bunu təklif etmişəm. Yaralananlara isə qazi statusu verilsə, yaxşı olar".